Xəbərlər
Unikal əməkdaşlıq modeli
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq uzun illər ərzində formalaşmış və möhkəmlənmiş güclü siyasi təmələ əsaslanır. Bu münasibətlər həm tarixi oxşarlıqlar, həm də müasir dövrdə ortaq maraqlar üzərində qurulmuşdur. Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətləri çoxşaxəli və dinamik xarakteri ilə seçilir və bu əlaqələrin əsasını qarşılıqlı hörmət və etimad təşkil edir. Hər iki dövlət müstəqillik əldə etdikdən sonra beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmiş, bu isə münasibətlərin möhkəm təməl üzərində qurulmasına şərait yaratmışdır. Azərbaycan və Ukrayna arasında siyasi əməkdaşlığın əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdir.
Hər iki dövlət mühüm beynəlxalq platformalarda fəal iştirak edir, bir-birinin mövqelərini dəstəkləyir, beynəlxalq hüququn prinsiplərinin qorunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün təmin olunması kimi məsələlərdə ortaq mövqe nümayiş etdirir. Bununla yanaşı, iqtisadi sahədə əməkdaşlıq əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər iki ölkə enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı kimi strateji sahələrdə qarşılıqlı faydalı layihələr həyata keçirir, eyni zamanda, tranzit imkanların genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin həyata keçirilməsi iqtisadi münasibətlərin daha da dərinləşməsinə səbəb olur. Enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi baxımından Azərbaycanla əməkdaşlıq Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə SOCAR-ın fəaliyyəti yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
Yeni iş yerlərinin yaradılması, yerli bazara investisiyaların yatırılması və infrastrukturun inkişafı SOCAR-ın fəaliyyətinin mühüm komponentləri olmaqla müasir idarəetmə prinsiplərinə əsaslanması, innovativ yanaşmaları tətbiq etməsi, rəqəmsallaşma, xidmət keyfiyyətinin artırılması və müştəri məmnuniyyətinin ön planda saxlanılması şirkətin bazardakı mövqeyini daha da möhkəmləndirir. Bu isə uzunmüddətli perspektivdə davamlı inkişaf üçün möhkəm zəmin yaradır. Azərbaycan və Ukrayna arasında münasibətlərin davamlı inkişafının təmin edilməsində qarşılıqlı diplomatik əlaqələr çərçivəsində ölkə rəsmiləri arasında görüşlər, ikitərəfli sazişlər və beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq mühüm rol oynayır. İki ölkə başçısı arasında keçirilən görüşlər Azərbaycan–Ukrayna münasibətlərinin inkişafında xüsusi əhəmiyyət kəsb edən əsas siyasi hadisələr olmaqla strateji tərəfdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi baxımından önəmli rola malikdir və münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin uğurlu inkişafını, strateji tərəfdaşlığın daha da möhkəmləndiyini, siyasi dialoqun yüksək səviyyədə davam etdiyini və iqtisadi, enerji, humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanların yarandığını bir daha təsdiqlədi.
Bəyanatda vurğulandığı kimi, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi, enerji və humanitar sahələrdə davamlı şəkildə dərinləşir və yeni mərhələyə yüksəlir. Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımlar həm humanitar dəyərlərə sadiqliyin, həm də beynəlxalq həmrəyliyin nümunəsidir. Bu yardımlar yalnız maddi dəstək deyil, eyni zamanda müharibədən zərər çəkmiş insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş mühüm bir addımdır. Dərman preparatları, tibbi ləvazimatlar, ərzaq məhsulları, elektrik kabelləri, transformatorlar və digər texniki avadanlıqların göndərilməsi, bununla yanaşı bərpa yönümlü layihələrə start verilməsi Azərbaycanın beynəlxalq humanitar hüquq prinsiplərinə sadiqliyini nümayiş etdirir və qlobal həmrəylik dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu isə iki ölkə arsında münasibətlərin strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini, qarşılıqlı əməkdaşlığın isə gələcəkdə daha da genişlənməsi üçün əlverişli siyasi və iqtisadi zəminin mövcud olduğunu bir daha sübut edir.
Beləliklə, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan Azərbaycan–Ukrayna əlaqələri regionda sabitlik və birgə fəaliyyətin güclənməsinə mühüm töhfə verməklə yanaşı, siyasi dialoqun davamlı inkişafına, iqtisadi-ticari əlaqələrin genişlənməsinə, enerji və nəqliyyat sahələrində strateji layihələrin reallaşmasına, həmçinin humanitar və mədəni əməkdaşlığın daha da dərinləşməsinə əlverişli şərait yaradır və iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsini təmin edir.
