YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın diqqət mərkəzindədir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ukrayna Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri, Prezidentlərin  Qəbələdə təkbətək və geniş tərkibdə görüşləri, mətbuata bəyanatları iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynadı. İki ölkə  arasında əlaqələr  siyasi, iqtisadi və diplomatik sahələrdə uğurla inkişaf edir. Səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarda əlaqələrin digər sahələrdə də uğurla inkişaf etdirilməsi üçün mövcud imkanlar geniş müzakirə edildi. “Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim” söyləyən Prezident İlham Əliyev bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir,  eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq.  Çünki buna da böyük imkanlar var.

Hərbi-texniki əməkdaşlıqla da  bağlı fikir mübadiləsi aparıldı. Bildirildi ki,  burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir. Burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Azərbaycan və Ukrayna bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir.

Prezidentlər arasında görüşlərin müntəzəm xarakter daşıması əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı ki, son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir: “Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır”.

Səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq.

Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi bu gün qarşılıqlı səfərlərin dinamikliyində özünün aydın ifadəsini tapır. Belə ki, aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə rəsmi səfər etdi. Hər bir səfər əlaqələrin inkişafında yeni bir səhifənin başlanğıcıdır. Ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya Prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.

Qəbələdə Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babiş ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Bu görüşlər, həmçinin mətbuata birgə bəyanatları, Azərbaycan-Çexiya biznes-forumundakı çıxışları iki ölkənin əlaqələrinin gələcək inkişafının yol xəritəsi oldu. İki ölkənin bütün sahələrdə əlaqələrinin inkişafı üçün mövcud imkanlar geniş müzakirə olundu. Prezident İlham Əliyevin “Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır” fikirlərinin davamı olaraq Çex Respublikasının Baş naziri Andrey Babiş bildirdi ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir.

2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir.