Xəbərlər
Fəttah Heydərov: Heydər Əliyev fenomeni Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutur
«Heydər Əliyev fenomeni Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yer tutur. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Onun sözlərinə görə, bu gün ölkəmiz Ümummilli liderin ideyaları əsasında inkişaf edir.
«Azərbaycanda inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndikcə ölkəmizin müstəqilliyinin, Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür»- deyə, F.Heydərov qeyd edib.