YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dünya oftalmologiyasının parlaq simasının nur saçan ömür yolu”

Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “Dünya oftalmologiyasının parlaq simasının nur saçan ömür yolu” adlı tədbir keçirilib. 

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək görkəmli elm xadimi, oftalmoloq Akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətindən, onun tibb elminə verdiyi sanballı töhfələrdən bəhs etmiş, qazandığı nailiyyətlərdən və yüksək titullara layiq görülməsindən danışıb, Zərifə xanımın zərif və həssas qadın, Ulu Öndər Heydər Əliyevə mehriban ömür-gün yoldaşı, Prezident İlham Əliyevə qayğıkeş ana olduğunu və daim qürurla anıldığını vurğulayıb.

Sonra partiya fəalı, Kardiorevmotoloji Sanatoriyanın həkimi Vüsalə Əliyevanın “Dünya oftalmologiyasının parlaq simasının nur saçan ömür yolu” mövzusunda məruzəsi dinlənilib, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Səxavət Əsədov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə və digərləri çıxış ediblər.    

Çıxışlarda ömrü boyu insanları qaranlıqdan işığa daşıyan, xalqın, millətin sağlamlıq qayğıları ilə yaşamış Zərifə xanım Əliyevanın həyat yolundan və yüksək insani keyfiyyətlərindən danışılıb, onun tibb sahəsində və xüsusilə oftalmologiya sahəsində elmə verdiyi töhfələrdən, yaratdığı dəyərlərdən daim insanların sağlamlığı üçün istifadə olunacağından bəhs olunub. Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinə görə Zərifə xanım Əliyevanın əziz xatirəsinin qədirbilən xalqımız və onu tanıyanlar tərəfindən daim hörmət və ehtiramla anılacağı bildirilib.

Tədbirin sonunda partiya işində və səhiyyə sahəsində fərqlənən bir qrup şəxsə YAP Göygöl rayon təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.