YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada Zərifə Əliyevanın anadan olmasının 103 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı və Neftçala Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının əməkdaşı Sona Mirzəyeva Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, oftalmologiya sahəsində yaratdığı elmi məktəbdən və yüksək insani keyfiyyətlərindən bəhs edib. O qeyd edib ki, Zərifə xanım Əliyeva təkcə görkəmli alim deyil, həm də yüksək mənəvi dəyərləri ilə cəmiyyət üçün örnək bir şəxsiyyətdir.

Daha sonra çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva, Neftçala Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülrux Nağıyeva, Mərkəzin bələdçisi Anarə Mustafayeva, Neftçala Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Süsən Əliyeva və RMX-nin tibb bacısı Mirvari Səlimova Zərifə xanım Əliyevanın elmi irsinin müasir tibb üçün əhəmiyyətindən, onun peşəkar kadrların yetişdirilməsindəki rolundan və humanist fəaliyyətindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, akademik Zərifə Əliyevanın həyat yolu gənc nəslin və xüsusilə tibb sahəsində çalışan mütəxəssislərin mənəvi və peşəkar inkişafı üçün mühüm örnək təşkil edir.

Tədbir çərçivəsində Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda iştirakçılar onun elmi irsini və həyat yolunu əks etdirən sərgi ilə tanış olublar.