Xəbərlər
Abşeronda şahmat üzrə xatirə turniri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı və Xırdalan Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında şahmat üzrə xatirə turniri keçirilib.
Tədbirin açılışında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin bütün sahələrində uğurla davam etdirilir. O qeyd edib ki, gənclərin intellektual inkişafına yönəlmiş bu kimi tədbirlər dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir və onların formalaşmasında xüsusi əhəmiyyət daşıyır.
A.Əliyev vurğulayıb ki, şahmat kimi intellektual oyunlar məktəblilərdə məntiqi düşünmə, səbir və düzgün qərarvermə bacarıqlarının inkişafına mühüm töhfə verir. O, Yeni Azərbaycan Partiyasının gənclərin inkişafına daim dəstək göstərdiyini qeyd edərək bütün iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
Xırdalan Şahmat Məktəbinin direktoru Ruhəngiz Dibirova isə çıxışında şahmatın şagirdlərin zehni inkişafında xüsusi rol oynadığını bildirib. O qeyd edib ki, bu cür turnirlər uşaqlarda diqqət, intizam və analitik düşünmə bacarıqlarını daha da gücləndirir.
Sonda turnirin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
