Xəbərlər
Qarşılıqlı etimad əməkdaşlıqda əsasdır
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Son illərdə Azərbaycan-Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ukrayna Prezidenti Volodimir Zelenskinin bu günlərdə ölkəmizə işgüzar səfəri əlaqələrimizin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik əsasında uğurla inkişaf edir. Prezidentlər səviyyəsində keçirilən müntəzəm görüşlər münasibətlərin uğurlu inkişafından xəbər verir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir: “Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır”.
O da qeyd edildi ki, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Azərbaycan və Ukrayna bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir.
İqtisadi əməkdaşlıq Azərbaycan-Ukrayna münasibətlərinin əsas istiqamətlərindən biridir. Energetika sahəsində əməkdaşlığa xüsusi önəm verilir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıq da Azərbaycan və Ukrayna arasında münasibətlərin mühüm istiqamətlərindən biridir. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı bu sahədə birgə istehsal və texnologiya mübadiləsi üçün geniş imkanlar yaradır. Bu sahədə atılan addımlar gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır. Ümumilikdə qeyd etsək, Azərbaycan və Ukrayna arasında münasibətlər çoxşaxəli və strateji xarakter daşıyır.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri də özündə mühüm məqamları ehtiva edir. Ölkələrimizin energetika sahəsində əməkdaşlığı xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir. Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Prezident İlham Əliyev Qəbələdə keçirdiyi görüşlərdə, mətbuata bəyanatında, eyni zamanda, Azərbaycan-Çexiya biznes-forumundakı çıxışında bu reallıqları bir daha diqqətə çatdırdı. Vurğuladı ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir: “Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”.
Cənab İlham Əliyev onu da qeyd etdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir.
Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə sənayenin inkişafıdır və birgə istehsaldır. “Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu, sahələrdən biri ola bilər. Bağlantılara gəldikdə isə, bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq.
Qarşılıqlı siyasi etimadın möhkəmlənməsi, yüksəksəviyyəli səfərlərin intensivliyi münasibətlərin davamlı xarakter daşıdığını təsdiqləyir.
