Xəbərlər
Azərbaycan-Ukrayna əməkdaşlığı: qarşılıqlı inam və etimadın təntənəsi
Nurlan Həsənov
Milli Məclisin deputatı
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının mətbuata bəyanatları çoxşaxəli münasibətlərin davamlı inkişaf istiqamətlərini əhatə edir. Bəyanatlarda qeyd olunan fikirlər siyasi dialoqun davamlılığını, iqtisadi əməkdaşlığın artan rolunu və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndiyini ifadə edir.
Prezidentlər arasında çoxsaylı görüşlərin keçirilməsi Azərbaycan–Ukrayna münasibətlərinin dinamik xarakter aldığını təsdiqləyən əsas amillərdəndir. Bu görüşlərin həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində baş verməsi siyasi dialoqun fasiləsizliyini və sistemli şəkildə davam etdirildiyini nümayiş etdirir.
İkitərəfli münasibətlərin hüquqi və siyasi bazasını 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri təşkil edir. Bu sənədlər əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə yanaşı, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsipləri ehtiva edir. 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə ilk səfəri ilə başlanan yeni mərhələ şəxsi münasibətlər müstəvisində də qarşılıqlı etimadın formalaşmasına töhfə verib. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin yanvarında Kiyevə həyata keçirdiyi səfər isə fikir mübadiləsinin genişlənməsi və əməkdaşlığın yeni məzmun kəsb etməsi baxımından mühüm rol oynayıb. Bu amillər siyasi dialoqun keyfiyyətini artıraraq münasibətlərin daha səmərəli inkişafını təmin edir.
Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməklə siyasi həmrəyliyi praktik müstəvidə nümayiş etdirir. Eyni zamanda, Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın inkişaf etdiyini və sistemli xarakter aldığını bir daha təsdiqləyir.
İqtisadi münasibətlərdə enerji sektoru xüsusi yer tutur. SOCAR-ın Ukraynada uzunmüddətli fəaliyyəti bu sahədə etibarlı tərəfdaşlığın mövcudluğunu əks etdirir. Enerji təchizatı, yanacaq infrastrukturu və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
Dövlətimizin başçısı birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlərin ətraflı müzakirə edildiyini bildirib: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”. Bu faktor gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Yeni investisiya təşəbbüsləri və birgə layihələr iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə töhfə verir.
Bəyanatda vurğulanan istiqamətlərdən biri də sənaye və hərbi-texniki əməkdaşlıqdır. Hər iki dövlətdə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal və texnoloji əməkdaşlıq üçün geniş imkanlar yaradır. Həmin istiqamətdə aparılan müzakirələr gələcəkdə konkret layihələrin reallaşdırılmasını şərtləndirir. Bu əməkdaşlıq yalnız müdafiə sahəsi ilə məhdudlaşmır, eyni zamanda sənaye modernləşməsi və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Birgə istehsal və texnologiya mübadiləsi uzunmüddətli perspektivdə tərəfdaşlığın daha da möhkəmlənməsinə imkan verir.
Son dörd il ərzində prezidentlər arasında yeddi görüşün keçirilməsi, o cümlədən iki ay əvvəl Münxendə baş tutmuş son görüş münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini ifadə edir. Bu təmaslar qarşılıqlı hörmət və maraqların uzlaşdırılması prinsipləri əsasında qurulan əməkdaşlığın davamlı xarakter aldığını təsdiqləyir. Səfər çərçivəsində aparılan müzakirələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində konkret yanaşmaların formalaşdığını əks etdirir. Həmin yanaşmalar tərəfdaşlığın gələcək inkişafına yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.
Ümumilikdə, Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin qarşılıqlı etimad, strateji maraqlar və praktik əməkdaşlıq üzərində formalaşan dayanıqlı inkişaf xəttini nümayiş etdirir. Siyasi dialoqun intensivliyi, iqtisadi əlaqələrin genişlənməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsi bu tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə və yeni mərhələyə yüksələcəyinə əsas yaradır.
