YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabının təqdimat mərasimi keçirilib

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında “Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən, oftalmologiya sahəsində əldə etdiyi uğurlardan və yüksək insani keyfiyyətlərindən bəhs edib. Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycan qadınının ziyalılıq, fədakarlıq və vətənə bağlılıq simvolu kimi daim hörmət və ehtiramla yad edilir.

Bildirilib ki, “Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabı ölkəmizin ictimai, elmi və mədəni həyatında mühüm rol oynamış qadınların həyat və fəaliyyətini əks etdirən dəyərli nəşrdir və Azərbaycan qadınının tarix boyu cəmiyyətə verdiyi töhfələrin sistemli təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ensiklopedik kitabın müəllifi, iqtisad elmləri namizədi, dosent Kifayət Xudaverdiyeva çıxış edərək qeyd edib ki, dövlət qadın siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında formalaşmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti qadınların cəmiyyət həyatındakı rolunun daha da möhkəmlənməsinə mühüm töhfə verir. Müəllif nəşrin məzmunu və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova, Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, professor Şahnaz Şahbazova və digər çıxış edənlər belə layihələrin milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda partiyaya yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.