Xəbərlər
“Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində növbəti səfər təşkil olunub
“Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində rayon gənclərinin nəzəri biliklərinin artırılması, onların real istehsalat mühiti ilə yaxından tanış olması və peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialına təcrübə səfəri təşkil edilib.
Səfər zamanı iştirakçılar əvvəlcə şirkətin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə tanış olublar. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması şöbəsinin rəisi Amid Əbilov gənclərə istehsalat sahələrində təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi, mövcud risklər və onların qarşısının alınması yolları barədə ətraflı məlumat verib.
Daha sonra Yataqların işlənməsi şöbəsinin rəisi Beyrək Abuzərli və Neft-qazçıxarma sexinin rəisi Səbuhi Nağıyev tərəfindən iştirakçılara neft yataqlarının istismarı, müasir hasilat üsulları, quyuların texniki vəziyyəti və gündəlik istehsalat prosesi barədə geniş təqdimat olunub.
Səfər çərçivəsində gənclər tarixi əhəmiyyətə malik, 1926-cı ildə qazılmış və 100 ildən artıq yaşı olan 1 saylı kəşfiyyat quyusu ilə tanış olaraq neft sənayesinin inkişaf mərhələləri barədə məlumat əldə ediblər. Eyni zamanda, 1114 saylı quyuda neft hasilatı prosesi əyani şəkildə nümayiş etdirilib, iştirakçılar hasilatın texnoloji mərhələlərini yaxından izləmək imkanı qazanıblar.
Proqram iştirakçıları daha sonra Neftin hazırlanması və nəqli sexində olublar. Sexin rəisi Kamil Məmmədov tərəfindən xam neftin emalı, onun tərkib hissələrinə ayrılması, hazırlanması və nəqli prosesləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu mərhələlər məhsulun keyfiyyətinin təmin edilməsində mühüm rol oynayır.
Sonda vurğulanıb ki, bu cür təcrübə səfərləri gənclərin gələcək peşə seçimində mühüm əhəmiyyət kəsb edir, onların nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə və istehsalat mühitinə uyğunlaşmasına geniş imkan yaradır.
