Xəbərlər
Yasamal rayonunda oğlanlar arasında voleybol idman yarışı keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində oğlanlar arasında voleybol turniri keçirilib.
İki gün davam edən və 2 nömrəli Bakı Baza Tibb Kollecində baş tutan oğlanlar arasında voleybol turnirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
2 nömrəli Bakı Baza Tibb Kollecinin direkotu Dilarə Məmmədəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycanda idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uzaqgörən və məqsədyönlü strateji kursa söykənir. Məhz bu strateji yanaşma nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, gənclərin həm fiziki, həm də mənəvi inkişafı üçün möhkəm zəmin formalaşdırılmışdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, ölkədə idmanın inkişafına xidmət edən yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq standartlara uyğun idman kompleksləri istifadəyə verilir və Azərbaycan idmançıları üçün geniş imkanlar yaradılır.
Qeyd olunub ki, müxtəlif səviyyəli idman yarışlarının təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər sağlam həyat tərzinin təşviqi ilə yanaşı, gənc nəslin zərərli vərdişlərdən uzaqlaşmasına, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasına ciddi töhfə verir. Bununla yanaşı vurğulanıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi etməklə yanaşı, idmançılarımızın qazandığı yüksək nailiyyətlər sayəsində dünya idman ictimaiyyətində böyük nüfuz qazanır.
Qeyd edək ki, oğlanlar arasında voleybol yarışı yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
