Xəbərlər
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən şahmat turniri baş tutub.
Oğlanlar və qızlar arasında keçirilən yarışda 24 təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər. “EduLAB Chess School” və “Sevinc Mall”in dəstəyi ilə təşkil olunan turnirdə ümumilikdə 50-yə yaxın iştirakçı çempionluq uğrunda mübarizə aparıb.
Olimpiya sistemi üzrə keçirilən yarışda oğlanlar arasında birinci yeri Kimya və biologiya təmayüllü Respublika liseyinin şagirdi Cahandar Azadəliyev qazanıb. İkinci və üçüncü yerlərə müvafiq olaraq 214 saylı orta məktəbin şagirdi Kənan İmranlı və “Zəngi” liseyinin şagirdi İsmayıl İsmayılzadə layiq görülüblər.
Qızlar arasında isə birinci yerin sahibi 229 saylı orta məktəbin şagirdi Nəzrin Süleymanlı olub. İkinci yeri 61 saylı orta məktəbin şagirdi Kəmalə Muradlı, üçüncü yeri isə 272 saylı orta məktəbin şagirdi Alsu Mehtiyeva tutub.
Turnirin bağlanış və mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və “EduLAB Chess School”un direktoru Rəhimə Məcidova çıxış edərək ölkədə şahmata göstərilən dövlət qayğısından bəhs ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, “EduLAB Chess School” və “Sevinc Mall” rəhbərliyinə təşəkkürnamələr verilib. Qaliblər isə medal, diplom, hədiyyə və kuboklarla təltif ediliblər.
