YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Latviya əlaqələri: əməkdaşlığın yeni mərhələsi

Heydər Əsədov

Milli Məclisin deputatı

Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və təşkil olunan biznes-forum tərəfdaşlığın geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm impuls yaradır. Bu səfər həm siyasi dialoqun davamlılığını təmin edən, həm də iqtisadi və humanitar sahələrdə yeni istiqamətlər müəyyənləşdirən vacib hadisə kimi yadda qalacaqdır.

Dövlətimizin başçısının bəyanatında vurğulanan məqamlardan biri tərəflər arasında mövcud olan möhkəm siyasi dialoqdur. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə yalnız ikitərəfli münasibətlər deyil, həm də beynəlxalq gündəmdə duran məsələlər ətraflı müzakirə olunub. Bu isə tərəflərin qlobal proseslərə yanaşmada ortaq mövqelərə malik olduğunu və qarşılıqlı dəstək prinsipinə əsaslandığını göstərir.

Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu əməkdaşlığın əsas komponentlərindən biri kimi çıxış edir. Həmin sənəd əməkdaşlığın sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinə imkan yaradıb. Əldə olunan nəticələr həmin hüquqi çərçivənin nə qədər effektiv olduğunu nümayiş etdirir.

Bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın görüşünün məhz Qarabağda keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan simvolik əhəmiyyət daşıyır. İclasda müzakirə olunan məsələlər, irəli sürülən təşəbbüslər və müəyyənləşdirilən planlar tərəfdaşlığın konkret layihələr üzərində qurulduğunu göstərir. Burada qeyd olunan perspektivli planlar, birgə həyata keçiriləcək layihələr və əməkdaşlıq istiqamətləri iqtisadi əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.

Bakıda keçirilən Azərbaycan–Latviya biznes-forumu ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Forumda hər iki tərəfdən geniş işgüzar dairələrin təmsil olunması əməkdaşlığa olan marağın yüksək olduğunu göstərir. Bu platforma çərçivəsində qurulan əlaqələr, aparılan müzakirələr və əldə olunan razılaşmalar gələcəkdə konkret layihələrin reallaşdırılmasına zəmin yaradır.

Xüsusilə qarşılıqlı sərmayələrin təşviqi, birgə istehsal sahələrinin yaradılması və ticarət dövriyyəsinin genişləndirilməsi istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm təkan verəcəkdir. Dövlət başçısının vurğuladığı kimi, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək.

İnvestisiya mühitinin daha şəffaf və əlçatan olması, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi iqtisadi tərəfdaşlığın davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Bu istiqamətdə atılacaq addımlar uzunmüddətli perspektivdə qarşılıqlı iqtisadi faydanın artmasına gətirib çıxaracaqdır. Prezident İlham Əliyev qeyd etmişdir: “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər”.

Birbaşa uçuşların təşkili məsələsi də görüş zamanı diqqət mərkəzində olub. Qlobal aviasiya sektorunda müəyyən çətinliklərin yaşandığı bir dövrdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi yeni imkanlar yaradacaqdır. Xüsusilə aviayanacaq təminatı ilə bağlı bəzi hava şirkətlərinin üzləşdiyi problemlər fonunda alternativ imkanların dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Birbaşa uçuşlar yalnız nəqliyyat sahəsində deyil, eyni zamanda turizm, biznes və humanitar əlaqələrin inkişafına da müsbət təsir göstərəcək. Bu faktor iki dövlət arasında əlaqələrin daha operativ və intensiv şəkildə qurulmasına imkan verəcəkdir.

İnsanlar arasında təmasların artırılması və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi münasibətlərin mühüm istiqamətlərindən biridir. Latviyada 450-dən artıq azərbaycanlı tələbənin ali təhsil alması əməkdaşlığın real və davamlı nəticələr verdiyini nümayiş etdirir. Bu amil, eyni zamanda gələcəkdə iki dövlət arasında münasibətlərin inkişafına töhfə verərək güclü insan kapitalının formalaşmasına xidmət edir. Humanitar sahədə əməkdaşlıq ümumilikdə münasibətlərin sosial əsaslarını möhkəmləndirən mühüm amildir.

Görüş zamanı regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda baş verən proseslər də geniş müzakirə olunub. Xüsusilə son dövrlərdə müşahidə olunan dinamika bölgədə sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İkitərəfli münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlər xüsusi rol oynayır. Uzun illər ərzində yaranmış qarşılıqlı etimad siyasi dialoqun daha səmərəli və nəticəyönümlü olmasına imkan yaradır.

Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər iki dövlət arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha sübut edir. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlıq üçün geniş imkanların mövcudluğu, humanitar əlaqələrin güclənməsi və regional məsələlərdə ortaq yanaşma bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini nümayiş etdirir.

DİGƏR Xəbərlər Arxiv