Xəbərlər
Qarşılıqlı etimada və strateji maraqlara söykənən əməkdaşlıq
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri
Azərbaycan və Latviya arasında 30 ildən çox davam edən əlaqələr qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanır. Bu mənada Latviya Prezidentinin Bakıya səfəri iki ölkə arasında iqtisadi, texnoloji və humanitar sahələrdə yeni prioritetlərin müəyyənləşməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Dövlət müstəqilliyinin bərpasından sonra qurulan diplomatik təmaslar əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə daşıyıb. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlərin təməli 1994-cü ildə qoyulub.
Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin 1997-ci ildə NATO-nun Madrid sammiti çərçivəsində Latviyanın dövlət başçısı ilə keçirdiyi görüş gələcək inkişafın fundamental əsaslarını qoyub. Sonrakı dövrlərdə Riqadan yüksək rəsmilərin Bakıya səfərləri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb. 2000-ci illərdən etibarən yeni dinamika qazanan Azərbaycan-Latviya əlaqələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində yüksək səviyyəyə qalxıb. Dövlətimizin başçısının 2017-ci ildə Latviyaya rəsmi səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirib.
Hazırda Azərbaycan və Latviya arasında siyasi dialoq yüksək səviyyədə irəliləyir. Latviya Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də Azərbaycana rəsmi səfəri çoxşaxəli münasibətlərimizin inkişafında yeni dövrün əsasının qoyulması kimi dəyərləndirilir. Səfər çərçivəsində Latviyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək və geniştərkibli görüşlər keçirilib. Dövlətimizin başçısı iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib: "Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik".
Edqars Rinkeviçs də vurğulayıb ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. İki ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb.
Görüşlərdən sonra liderlər mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev Latviyanın dövlət başçısının Azərbaycana rəsmi səfərinin ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacağını deyib: "Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq". Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.
Azərbaycanla əlaqələrini yüksək qiymətləndirən Latviya Prezidenti Edqars Rinkeviçs görüşlərdə regional proseslərin ətraflı müzakirə edildiyini söyləyib: "Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir".
Latviyanın Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanın regionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirir.Sülh sazişinin bütün dünya üçün əhəmiyyətini bildirən Latviya prezidenti fikrini açıq şəkildə ifadə edib:” Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq”. Latviya beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. Hazırda Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesində bu ölkə konstruktiv səylərini davam etdirir. Riqanın Bakıya yönəlik kursu daim sabit qalıb və əlaqələrin səmimiyyəti ilbəil artıb.
Qarşılıqlı etimada və strateji maraqlara söykənən Azərbaycan-Latviya əməkdaşlığı bundan sonra uğurla inkişaf edəcəkdir.
