YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanda oftalmologiyanın inkişafı Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Zərifə xanım Əliyeva 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi geniş yayılmışdı.  O zaman bu xəstəliyin  yaranma səbəbləri öyrənilmədiyinə və müalicə üsulu olmadığına görə yüzlərlə xəstə dünya işığından məhrum olurdu. Bu səbəbdən Zərifə xanım Əliyeva əmək fəaliyyətinin ilk illərindən etibarən bu xəstəliklə mübarizəyə başlamış, onun başvermə səbəblərinin dərindən öyrənilməsi üçün Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara getmiş, həkim-oftalmoloqlara məruzələr oxumuş, əhali arasında çoxlu söhbətlər aparmışdır. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva  bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bunun üçün təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdı. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Uğurlu tədqiqatların nəticələri Zərifə xanım  Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanım Əliyevanın  təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edildi və ölkəmiz bu xəstəlikdən xilas oldu. Buna görə də Azərbaycanda traxomanın sosial  xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın  adı ilə bağlıdır.

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb. O, elmi araşdırmalar nəticəsində “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirmişdir. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə xanım  Əliyevanın  “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. O, fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitabdır.  Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur. Onun fəaliyyəti, səhiyyənin inkişafına verdiyi töhfələr yüksək dəyərləndirilib. Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologiya” jurnalı redaksiya heyətinin üzvü olub. Yüksək elmi nailiyyətlərinə görə ona Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir. O, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır. Zərifə xanım Əliyeva bir sıra orden və medallarla təltif olunub. Onun hər bir titulu böyük zəhmətin, məsuliyyətin, fədakarlığın, sabaha böyük inamla baxaraq atdığı uğurlu addımların göstəricisidir.  Zərifə xanımın zəngin irsi neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilib.