Xəbərlər
“Günəşli” sahəsindəki yanğının söndürülməsi işlərinə xarici mütəxəssislər cəlb olunub
“Günəşli” sahəsindəki yanğının söndürülməsi işlərinə bir neçə xarici mütəxəssis cəlb edilib.
Bu barədə dekabrın 8-də saat 16-da keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib. O bildirib ki, baş vermiş hadisə ilə əlaqədar itkin düşmüş işçilərin axtarışı və yanğının yaratdığı fəsadların aradan qaldırılması üzrə işlər davam etdirilir. “Təəssüf hissi ilə qeyd etməliyəm ki, nə “Neft daşları”nda, nə də “Günəşli” sahəsində itkin düşən işçilər hələ ki tapılmayıb. Yanğının söndürülməsi ilə əlaqədar işlər isə davam etdirilir. Əlavə bir neçə xarici mütəxəssis bu işlərə cəlb olunub. Hazırda onlar 10 nömrəli özüldədirlər və yerində araşdırmalar aparırlar”, - deyə baş mühəndis bildirib.
Onun sözlərinə görə, hava şəraitinin pisləşməsi ilə əlaqədar dekabrın 9-da gəmilər vasitəsilə axtarışlar müvəqqəti dayandırılacaq. Hava şəraiti düzəldikdən sonra yenidən işlər davam etdiriləcək. Helikopterlər vasitəsilə axtarışların aparılması isə Fövqəladə Hallar Nazirliyinin qərarından asılı olacaq.