Xəbərlər
Zakir Həsənov: Azərbaycan əsgərinin vurduğu zərbələr nəticəsində qarşı tərəf xeyli itki verib
Dekabrın 8-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Fransa arasında bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri, ölkələrimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi qeyd edən nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bölgədəki vəziyyətə toxunan Z.Həsənov bildirib ki, uzun illərdir beynəlxalq qurumların fəaliyyətinə baxmayaraq, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükə mənbəyidir. “Ermənistanın hərbi-siyasi rəhbərliyi regiondakı mürəkkəb vəziyyətdən öz xeyrinə istifadə etmək niyyətilə son bir neçə gündə cəbhəboyu zonada gərginlik yaratmağa, təxribatlar həyata keçirməyə cəhd göstərir. Azərbaycan əsgərinin vurduğu zərbələrdən qarşı tərəf xeyli itkilər verib, ancaq onlar bunu gizlətməyə çalışır. Erməni xalqı sadəcə olaraq Yerevan rəhbərliyinin girovuna çevrilib”, - deyə müdafiə naziri vurğulayıb.
Görüş üçün minnətdarlığını bildirən xanım diplomat ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayaraq fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin perspektivləri, hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi, eləcə də kosmik sənaye sahəsində texnologiyaların tətbiqi, müdafiə məhsullarını istehsal edən bir sıra şirkətlərlə işbirliyinin inkişafına dair konkret məsələlər müzakirə olunub.
Tərəflər müxtəlif sahələr üzrə hərbi mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində təcrübə mübadiləsi, fransız dili kurslarının, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.