Xəbərlər
YAP Nəsimi rayon təşkilatının nümayəndələri ilə gənclər arasında görüş keçirilib
Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının nümayəndələri ilə gənclər arasında görüş keçirilib.
Universitetin Tədris işləri üzrə prorektoru Fikrət Cahangirov, YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov, YAP Nəsimi rayon təşkilatının məsləhətçisi Aynur Poluyeva, universitetin Xarici dil müəllimliyi fakültəsinin dekanı Günel Allahverdiyeva çıxış edərək gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəallığından bəhs ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müstəqilliyə gedən yolda göstərdiyi tarixi xidmətləri və müasir dövlətçiliyin möhkəmləndirilməsindəki rolu xüsusi vurğulanıb.
Bildirilib ki, yarandığı gündən etibarən ölkədaxili və beynəlxalq müstəvidə nüfuzunu daim artıran YAP fəaliyyətinin bütün mərhələlərində regionun aparıcı siyasi təşkilatlarından biri kimi özünü təsdiqləmişdir.
Qeyd olunub ki, YAP üzvlərinin təxminən 40 faizini gənclər təşkil edir və bu, onların partiya ətrafında sıx birləşməsinin göstəricisidir. “YAP sıralarına qoşulan gənclər Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sadiqlik nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir və dövlətə xidmət etmək üçün geniş imkanlar əldə edirlər”.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
