YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı “Hərbi şəhərcik” ərazi partiya təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib.

Kürdəmir şəhərində yerləşən Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbdə baş tutan tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, Kürdəmir şəhər Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbinin direktoru, “Hərbi şəhərcik” ərazi partiya təşkilatının sədri  Elnarə Muradova bildiriblər ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşında dərin iz buraxmış faciələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni daşnak qüvvələri tərəfindən Bakı, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrdə on minlərlə dinc azərbaycanlı qətlə yetirilib. Qadın, uşaq və qoca demədən törədilən bu qırğınlar nəticəsində həm insan həyatına, həm də milli-mədəni irsə ağır zərbə vurulub, məscidlər, məktəblər və digər sosial obyektlər dağıdılıb, yaşayış məntəqələri xarabalığa çevrilib.

Bildirilib ki, 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizin obyektiv şəkildə təbliği təmin olunub. Onun 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu faciələrin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb və 18 sentyabr 2013-cü il tarixində istifadəyə verilib. Bu kompleks tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Çıxışlarda Xocalı faciəsi və 30 illik işğal dövrünün də erməni vandalizminin davamı olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək ölkənin ərazi bütövlüyünü təmin edib.