Xəbərlər
“31 Mart soyqırımı - Unudulmaz tarixi yaddaşımız” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart soyqırımı - Unudulmaz tarixi yaddaşımız” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax Suvarma Sistemləri İstismarı İdarəsinin rəisi Tural Mahmudov, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, Yevlax Peşə məktəbinin direktoru Nəbi Mehdizadə və Yevlax şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Gülnar İsazadə 31 Mart soyqırımının törədilməsində erməni təcavüzkarlarının həyata keçirdiyi vandalizm siyasətindən bəhs ediblər. Həmçinin bu hadisələrə hüquqi və siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Vətən müharibəsində, həm də sonrakı antiterror tədbirlərində əldə olunan möhtəşəm qələbələr nəticəsində soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qisası alınıb.
Tədbir çərçivəsində YAP Yevlax rayon təşkilatı tərəfindən 31 Mart soyqırımı ilə bağlı partiya üzvləri arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Birinci yerə Yevlax şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Gülnar İsazadə, ikinci yerə Yevlax şəhər 5 nömrəli məktəbin müəllimi Günay Əliyeva, üçüncü yerə isə Yevlax rayonunun Nəmirli kənd məktəbinin müəllimi Lalə Əliyeva layiq görülüb. Həmçinin Yevlax şəhər 10 nömrəli məktəbin direktor müavini İlayə Hüseynova fərqləndiyinə görə təltif edilib.
Sonda Yevlax şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında 31 Mart soyqırımına həsr olunmuş kompozisiya nümayiş etdirilib.
