Xəbərlər
Mart soyqırımı tariximizin ən faciəli səhifələrindən biridir
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.
Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər bildiriblər ki, Birinci Dünya müharibəsinin sonlarına yaxın - 1918-ci ilin mart ayında yaranmış mürəkkəb tarixi şəraitdə erməni-daşnak və bolşevik silahlı dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlı əhali kütləvi qırğınlara məruz qalıb.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib və bu hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilib.
Çıxışlarda həmçinin vurğulanıb ki, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli yaddaşın qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.
