Xəbərlər
Samuxda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümünə həsr olunmuş “Soyqırımın acı xatirələri” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Vurğulanıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət verilməsi imkanı yaranıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu hadisələrə siyasi-hüquqi qiymət verilməsində mühüm rol oynayıb və həqiqətlərin üzə çıxarılmasına təkan verib. Həmin fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova və digərləri bildiriblər ki, 1918-ci ilin mart hadisələri amansızlığı və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab olunur. Vurğulanıb ki, dinc əhali - qadın, uşaq və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılaraq viran qoyulmuşdur. Bu qırğınlar yalnız Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də törədilmişdir.
Çıxışlarda həmçinin qeyd olunub ki, bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etməklə yanaşı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin qürurunu yaşayır.
