Xəbərlər
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının inzibati binasında “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, 1918-ci ildə törədilən soyqırımı hadisələri amansızlığı və miqyasına görə bəşər tarixinin ən qanlı faciələrdən biridir: “Mart qırğınları təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına ilk dəfə siyasi-hüquqi qiymət verilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir”.
Partiya fəalları – Pərviz İbrahimov və Famil Həmidov çıxışlarında qeyd ediblər ki, 1918-ci ildə azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar və 1948–1953-cü illərdə Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın deportasiya olunması xalqımıza qarşı həyata keçirilmiş ardıcıl, məqsədyönlü və sistemli etnik təmizləmə siyasətinin təzahürləridir.
