Xəbərlər
“Heydər Əliyev irsi və müasir Azərbaycan”
YAP Füzuli rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə Füzuli rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və müasir Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov və digərləri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. O qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsi Azərbaycanı ağır siyasi və iqtisadi böhrandan xilas edib, ölkədə sabitlik və inkişafın əsasını qoyub. Bildirib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Söyləyib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlətimizin gücünü və qətiyyətini bir daha nümayiş etdirir. A.Alıyev Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynayacağını bildirib.
Çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Yeni Azərbaycan Partiyasının şərəfli və zəngin fəaliyyət yolundan danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yaradılan Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın maraqlarını ifadə edən, ölkənin inkişafına xidmət edən siyasi təşkilat kimi fəaliyyət göstərib. Bildirib ki, bu gün partiyanın sıralarında yüz minlərlə insan birləşir və bu da YAP-ın cəmiyyətdə böyük nüfuz və etimada malik olduğunu göstərir. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzunu daha da artırıb və regionun lider dövlətinə çevrilib. Qeyd edib ki, YAP Füzuli rayon təşkilatı da partiyanın ideyalarının təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlət siyasətinin dəstəklənməsi istiqamətində fəal fəaliyyət göstərir.
YAP İdarə Heyətinin üzvü, Partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycan tarixində mühüm rol oynayan siyasi təşkilatdır. O qeyd edib ki, partiyanın yaranması ölkəmizin gələcək inkişafı və dövlət müstəqilliyinin qorunması baxımından tarixi əhəmiyyətə malik hadisə olub. Arif Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib və bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın maraqlarını əsas tutaraq dövlətimizin inkişafına xidmət edib. O, həmçinin bildirib ki, partiyanın veteran üzvləri bu gün də fəal şəkildə ictimai-siyasi proseslərdə iştirak edir, gənc nəslə dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayırlar.
YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev çıxışında partiyanın keçdiyi inkişaf yolundan danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Tahir Quliyev partiyanın veteran üzvlərinin də bu gün gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verdiyini qeyd edib.
Yeni Azərbaycan Partiyasının veteran üzvü Almaz Həşimova çıxış edərək partiyanın fəaliyyətinin ölkəmizin sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün də uğurla davam etdirilir və Azərbaycan regionda güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Aprel döyüşlərinin şəhidi Orxan Həmidovun anası Tamella Məmmədova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi daim uca tutulur və onların qəhrəmanlığı gənc nəsil üçün nümunədir.
Yeni Azərbaycan Partiyasının veteran üzvü Rafael Zülfüqarov çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, YAP bu gün də Azərbaycan xalqının etimadını doğruldaraq dövlətimizin inkişafına xidmət edir və partiyanın sıralarında birləşən insanlar bu ideyalara sadiq qalaraq fəaliyyətlərini davam etdirirlər.
Çıxışlardan sonra YAP Füzuli rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra konsert proqramı təqdim olunub.
