Xəbərlər
“Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar”
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycan qadınının cəmiyyətin inkişafında oynadığı mühüm roldan və qadınların müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti isə Azərbaycan qadınının cəmiyyətdəki rolunun daha da güclənməsinə böyük töhfə verir.
Xətai Rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov çıxışında qeyd edib ki, Azərbaycan qadını həm ailə institutunun möhkəmlənməsində, həm də cəmiyyətin inkişafında mühüm rol oynayır. O bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda fəal iştirakını təmin edir.
Xətai Rayon Ağsaqqalar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov çıxışında qeyd edib ki, müasir Azərbaycan qadını dövlət quruculuğunda və cəmiyyətin inkişafında fəal iştirak edir. Bildirilib ki, müasir Azərbaycan dövlətində qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Çıxış edən 287 saylı “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli qeyd edib ki, təhsil sistemi gənc nəslin formalaşmasında mühüm rol oynayır. Müəllimlər yalnız bilik vermir, həm də şagirdlərdə vətənpərvərlik və milli dəyərlərə hörmət kimi keyfiyyətlər formalaşdırırlar.
6 saylı şəhər poliklinikasının baş həkimi Nərmin Qasımova vurğulayıb ki, səhiyyə sahəsində çalışan qadınlar insan sağlamlığının qorunması istiqamətində böyük fədakarlıq göstərirlər. Qeyd olunub ki, sağlam cəmiyyətin formalaşmasında qadınların rolu olduqca böyükdür.
Turizm və Sosial Xidmətlər üzrə Peşə Mərkəzinin direktoru Kifayət Bayramova qeyd edib ki, gənc qızların peşə təhsilinə cəlb olunması onların gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə mühüm töhfə verir. Peşə təhsilinin inkişafı gənclərin əmək bazarında daha fəal iştirakına şərait yaradır.
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin həkimi Səlmin Quliyeva qeyd edib ki, həkimlik peşəsi böyük məsuliyyət və humanizm tələb edən sahədir. Qadın həkimlər insanların sağlamlığının qorunması istiqamətində böyük fədakarlıqla çalışırlar.
Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə fəal iştirakını daim dəstəkləyib. Bu gün Azərbaycan qadınları ölkəmizin inkişafında böyük rol oynayır və gənc nəslin tərbiyəsində mühüm töhfələr verirlər.
58 saylı məktəbin direktoru Lətifə Mustafayeva qeyd edib ki, müəllim peşəsi cəmiyyətin gələcəyini formalaşdıran ən məsuliyyətli sahələrdən biridir. Qadın müəllimlər gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayırlar.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
