Xəbərlər
Ağdamda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri keçirilib
Ağdam Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, partiya fəalları, şəhid ailələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov Azərbaycan qadınlarının şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamalarından, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, bu siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edərək tədbirdə iştirak edən qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Sonra Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.
Sonda tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim edilib.
