Xəbərlər
Azərbaycan qadını əsl vətənpərvərlik nümunələri göstərir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Qadına müqəddəs münasibət Azərbaycan xalqının tarixi keyfiyyətlərindəndir. Kiçik dövlət olan ailənin səadəti birinci növbədə ananın fədakarlığından asılıdır. Cəmiyyətdə anaya hörmət qadına hörmətdir. Ümummilli Lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılmasına diqqətlə yanaşmışdır. Ulu Öndərin qurucusu olduğu müasir, müstəqil Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Daim diqqətdə saxlanılan bu sahədə dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmiş, mühüm qərarlar qəbul olunmuşdur. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmuşdur.
Qadınlarımızın ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəaliyyəti, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun başlıca istiqamətinə çevrildi. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev qadın siyasətini yeni meyarlarla zənginləşdirdiyini atdığı mühüm addımları ilə təsdiqləyir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Bu gün tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlardan qürurla bəhs edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. Torpaq həsrətimizə son qoyuldu. Bu Qələbəmizdə gənclərimizin Vətən, torpaq sevgisi öz sözünü dedi. Qanları, canları ilə tarix yazan qəhrəmanlarımızı böyüdən, onları vətənpərvərlik ruhunda tərbiyə edən analarımızın qarşısında baş əyirik.
