Xəbərlər
Təməli Heydər Əliyev tərəfindən qoyulan uğurlu qadın siyasəti
İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent
Dünya əhalisinin çox hissəsini təşkil edən qadınların həyati, taleyi, hüquqları, ictimai-siyasi və mədəni sahələrdə kişilərlə bərabər hüquq və azadlıq əldə etmələri problemləri daim mütərəqqi fikirli insanları düşündürən məsələlərdən biri olmuşdur. Ona görə də qadın əməyi, qadın hüququ, qadın təhsili, qadın hərəkatı ilə bağlı məsələlər ölkələr üçün demokratiyanın əsas meyarları sayılmışdır.
Mütəşəkkil qadın hərəkatı ilk dəfə XVIII əsrdə Şimali Amerikada İstiqlaliyyət uğrunda mübarizə və Böyük Fransa inqilabı dövrlərində meydana çıxmış, sonradan feminizm təşkilatları formasında fəaliyyət göstərmişlər. İlk beynəlxalq qadın təşkilatı isə 1888-ci ildə ABŞ-da yaranmışdır. Sonra isə 50-yədək ölkədə də qadınların milli şuraları təsis edilmişdir.
Şərq ölkələrində, o cümlədən Azərbaycanda qadın hərəkatının başlanması XIX əsrin sonu-XX əsrin əvvəllərinə təsadüf edir. Şərqdə ilk feminist qadın Vərdə əl-Yazıçı olmuşdur. Bu dövrdə Misirdə "əl-Fətət" ("Qız"), "Fətət üş-Şərqi" ("Şərq qızı"), Suriyada "al-Hüsnət" ("Gözəl") və s. jurnallar nəşr edilirdi. Türkiyədə qadın hərəkatının iştirakçıları "Taleyi-nisvan cəmiyyəti" yaratmış və ayrıca qadın jurnalı nəşr etmişdilər. Azərbaycanda ilk dünyəvi qız məktəbləri 1848-ci ildə Şamaxıda və 1885-ci ildə Gəncədə açılmış "Müqəddəs Nina" məktəbləridir. XIX əsrin ikinci yarısında Azərbaycanın maarifpərvər, təhsil görmüş qadınları öz hesablarına Şamaxıda, Bakıda, Gəncədə, Nehrəmdə, Şəkidə, Naxçıvanda xüsusi qız məktəbləri açmışdılar. 1915-ci ildə Azərbaycanda 11 qız gimnaziyası, 2 progimnaziya var idi ki, bunlarda da xeyli sayda azərbaycanlı qızları təhsilə cəlb edilmişdi.
1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratmışdı. Bundan sonra qadın azadlığı hərəkatı daha mütəşəkkil xarakter almışdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi Azərbaycanın Müəssislər Məclisinə seçkilər haqqında Əsasnaməyə görə qadınlara da seçki hüququ verilmişdi. Azərbaycanın ziyalı qadınları dövlətin qadınlara verdiyi hüquqlardan istifadə edərək ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə başladılar. 1918-1920-ci illərdə maarifpərvər qadınlar milli məktəblərin yaradılmasında böyük fəallıq göstərmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olmuş və Fətəli xan Xoyskidən sonra hökumətə başçılıq etmiş Nəsibbəy Usubbəyovun xanımı Eynülhəyat ilk milli qız gimnaziyasında dərs demiş, Maarif Nazirliyində inspektor işləmişdir. Sankt-Peterburqda təhsil almış ilk azərbaycanlı qızı Səlimə xanım Yaqubova Bakıda I Ünas Milli Gimnaziyasının müdiri təyin edilmiş, Azərbaycanın milli dirçəlişinin fəal qurucularından biri olmuşdur; 1918-ci ildə Qazax qəzası xalq məktəblərinin inspektoru təyin olunmuş görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli bir il sonra Bakıda öz evində pedaqoji kurs açmış, Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Şəfiqə xanım Əfəndizadəni və Xədicə xanım Ağayevanı bu işə cəlb etmişdi.
1881-1917-ci illərdə Zaqafqaziyanın müftisi olmuş maarifçi Hüseyn Əfəndi Qayıbovun qızı Gövhər xanımın Bakıda öz evində təşkil etdiyi 80 nəfərlik pedaqoji kursda o dövrün tanınmış pedaqoqları Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva dərs demişdilər.
İlk azərbaycanlı pianoçu qadınlardan biri, 1901-1911-ci İllərdə Tiflisdə "Müqəddəs Nina" məktəbində təhsil almış, sonra isə fortepiano üzrə xüsusi kurs keçmiş Xədicə Osman qızı Qayıbova 1919-cu ildə Bakıya köçərək Azərbaycanda musiqi təhsili sisteminin yaradılmasında iştirak etmiş, onun təşəbbüsü ilə 1920-ci ildə Bakıda "Qısa müddətli Şərq musi-qisi kursları" açılmışdı.
Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaradaraq şəhərin mədəni həyatında fəal iştirak edirdilər. Bu işdə Xədicə xanım Ağayeva, Cavahir xanım Rəfibəyova, Həcər xanım Şeyxzamanova və başqaları böyük səy göstərir, istedadlı qızların təhsil almasına kömək edir, qadınlar üçün teatr tamaşaları verir, kimsəsiz uşaqları himayəyə götürürdülər. Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talışinskaya, Səltənət xanım Əhmə dova, Nabat xanım Aşurbəyli-Rzayeva və bir çox başqa qeyrətli qadınlarımızın yaratdıqları qadın xeyriyyə cəmiyyətləri də deyilən sahədə çox böyük işlər görmüş və beləliklə öz adlarını Azərbaycanın xeyriyyəçilik hərəkatı tarixinə qızıl hərflərlə əbədi həkk etdirmişdilər.
1918-1920-ci illərdə Azərbaycanın tərəqqipərvər qadın ziyalıları Məryəm xanım Bayraməlibəyova Lənkəranda, Gövhər Şövqiyyə Şamaxıda, Bülbül Kazımova Gədəbəydə, Firuzə Ağayeva, Yaqut Ağayeva, Fərəmuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Rəhilə Hacıbabayeva, Sara Vəzirova, Hənifə xanım Məlikova, Zərri Şahtaxtinskaya və başqalanı Bakıda xalq maarifinin inkişafına böyük kömək göstərmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra elan edilmiş sovet hakimiyyəti illərində də Azərbaycan qadını mürəkkəb və şərəfli inkişaf yolunu davam etdirmişdi. Qeyd etmək lazımdır ki, sovet hökuməti də bütövlükdə qadın əməyinə, hüququna, təhsilinə böyük əhəmiyyət vermişdi. Qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların ən müxtəlif peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarığını gerçəkləşdirə bilməsi sovet dövrünün başlıca nailiyyətlərindən biri idi.
1923-cü ilin noyabrında təkcə Azərbaycanda deyil, eləcə də Şərqdə qadın azadlığı uğrunda mübarizə aparan ilk jurnalın - "Şərq qadını"nın (1938-ci ilin fevralından "Azərbaycan qadını") nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu.
II dünya müharibəsi dövründə də bir çox istehsalat sahələrində cəbhəyə gedən kişiləri qadınlar layiqincə əvəz etdilər. Onlar həmçinin müharibə meydanlarında misilsiz qəhrəmanlıq nümunələri və rəşadət göstərdilər. Müharibə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi cəsur təyyarəçilər, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişdirdi. Bundan başqa qadınların içərisindən partiya, dövlət, komsomol, təsərrüfat işində fəal çalışan bir çox qadınlarla yanaşı, respublikanın ictimai və mədəni həyatında fəal iştirak edən minlərlə qadın yetişdi. Onların arasında çox sayda görkəmli həkim, müəllim, mühəndis, ictimai xadim, deputat, əmək qəhrəmanı, alim, müğənni, şair, artist və s. var idi ki, onlar doğma respublikanı təkcə keçmiş SSRİ məkanında deyil, həm də bütün dünyada ləyaqətlə təmsil edirdilər.
Azərbaycan qadınları müstəqillik uğrunda başlanmış ümumxalq hərəkatının da ön sıralarında olmuş, Ermənistanın respublikamızın suveren hüquqlarını və ərazi bütövlüyünü pozan təcavüzkar niyyətlərinə qarşı mübarizədə fəal iştirak etmişdilər.
1990-ci il yanvarında sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciələrin və Erməni təcavüzkarlarının qurbanları arasında qadınlarımız da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həlak olmuşdular.
1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə respublikamızda qadın hərəkatının yeni mərhələsinin başlanğıcı qoyuldu. Lakin 1991-1993-cü illərdə ölkədə hakimiyyət uğrunda gedən mübarizə müstəqillik şəraitində digər sahələrdə olduğu kimi, qadın hərəkatının da inkişaf etdirilməsində real addımlar atmağa imkan vermədi. Yalnız 1993-cü ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkədə siyasi sabitlik yarandı. Qadın hərəkatına dövlət qayğısı gücləndi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.
Azərbaycan qadınları cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa müddətdə bir neçə qadın təşkilatları yaratdılar. Bu təşkilatlar arasında "Sevil" Qadınlar Məclisi, Neftçi Qadınlar Cəmiyyəti, Bakı Qadınlar Assosiasiyası, "Qadın və İnkişaf” Mərkəzi, D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, "Əsgər anaları", "Şəhid anaları" cəmiyyətləri və başqaları Azərbaycanda qadının vəziyyətinin yaxşılaşdırılması, onun sosial-iqtisadi problemlərinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və digər məsələləri nizama salmaq sahəsində dövlətin fəaliyyətini gücləndirmək üçün yollar arayıb axtardılar.
1995-ci ildə Azərbaycanda qadın hərəkatının mütəşəkkilliyinin artmasında Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 30 iyun 1995-ci il tarixli Konvensiyasına Azərbaycan Respublikasının qoşulmasının və bununla əlaqədar öz üzərinə müvafiq öhdəliklər götürməsinin də mühüm rolu oldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin respublikada qadın hərəkatına daim diqqət və qayğı göstərməsi bu hərəkata dair dövlət siyasətinin işlənib hazırlanması üçün əsaslı zəmin yaratdı. Onun 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və böyük səlahiyyətlər verildi.
Qadın hərəkatına dövlət tərəfindən himayədarlığın xeyli artdığı hər sahədə özünü biruzə verməyə başladı. Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra qadınlarımızın qarşısında tamamilə yeni vəzifələr qoyuldu.
Azərbaycan qadınları 1998-ci il sentyabrın 25-də özlərinin ilk qurultaylarını keçirdilər. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayı keçirilir. Bu qurultaylarda Azərbaycan qadınları daim milli dövlətçilik mövqeyindən çıxış etmələri həmişə nümayiş etdirilir.
2000-ci il martın 6-da "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalandı. Qadınlar bayramı ərəfəsində elan olunmuş bu fərman respublika qadınlarına göstərilən böyük qayğının təzahürü idi. Fərmanda son 100 ildə Azərbaycanda qadın hərəkatının keçmiş olduğu yola bir daha nəzər salınır, onun uğurları da, nöqsanları da ətraflı şərh edilir, yaşadığımız günlərdə bu hərəkatın qarşısında duran vəzifələrin icrası məsələləri irəli sürülürdü.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynalxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynalxalq forum keçirildi. Beynəlxalq forumun yekun sənədi – Bakı Bəyannaməsi qəbul olundu. Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü alqışlandı. Bəyannamədə dünya dövlətləri münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağırılırdı.
Qadınlara olan müsbət münasibət YAP-da davam edir. Belə ki, YAP Azərbaycan qadınına ən yüksək dəyər verən partiyadır. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, daim milli dövlətçilik mövqeyindən çıxış edirlər.
1995-ci ildə qurulmuş partiyanın qadınlar təşkilatı rəsmi olaraq YAP Qadınlar Şurası adlanırdı. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayda ləğv olunmuş, əvəzində Mərkəzi Aparatın nəzdində Gender siyasəti şöbəsi yaradılmışdır.
Parlamentdə ən çox təmsil olunan YAP partiyasıdır. Digər müxalifət partiyalarının bir qadın namizədi belə yoxdur. Həmçinin parlamentin sipikeri, ölkənin vitse-prezidenti qadındır. Ölkədə, demək olar ki, bütün icra başçılarının qadın müavinləri vardır.
Azərbaycanda müstəqil dövlət yaradılanda əsas məqsəd qadınların siyasi partiyalarda iştirakını təmin etmək və qadın üzvlərinin sayını artırmaq idi. İllər ərzində Qadınlar Şurası bu fəaliyyətlə məşğul olaraq, həmin hədəfə nail oldu. Müstəqilliyin ilk illərində kişi qadın bərabərliyi üçün hüquqi baza yox idisə, bu illər ərzində çox mükəmməl bir hüquqi əsas yaradıldı. Dövlətdə mükəmməl qadın siyasəti artıq öz yerini tapdı. Şura qadınları ictimai fəaliyyətə, aktiv olmağa dəvət etmək üçün yaradılmışdı. Bu illər ərzində YAP-ın üzvləri 700 mini keçdi və bunun da təxminən yarısını qadınlar təşkil edir. Partiyanın qadın üzvləri İdarə Heyətində təmsil olunurlar və bütün məsələlərdə də aktiv iştirak edirlər.
Bu gün Respublikanın sosial-iqtisadi və demokratik inkişafının yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, habelə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək həmişə diqqət mərkəzindədir.
