YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur və bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur.” Bu fikirləri Prezident İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə mətbuata birgə bəyanatında səsləndirmişdir.  

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir.

Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər.