YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır

“Dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir.” Bu fikirləri Prezident İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə mətbuata birgə bəyanatında səsləndirmişdir.  

Prezident İlham Əliyev qeyd etmişdir ki, biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır.