YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Riyakarlıq və siyasi məsuliyyətsizliyin göstəricisi

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Son günlər regionumuzda baş verən hadisələr bizi ciddi narahat edir və bu hadisələrə biganə qalmaq mümkün deyil. Həm sadə insanların, həm də dövlət başçımızın hadisələrə göstərdiyi həssaslıq bunun bariz nümunəsidir. Lakin bu gün İran İslam Respublikası ərazisindən həyata keçirilmiş dron hücumları bizi məyus etdi və bu hücumu qətiyyətlə və birmənalı şəkildə pislədiyimizi açıq şəkildə bəyan edirik. Naxçıvan Muxtar Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum yalnız Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təxribat deyil, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisində yerləşən mülki infrastruktura qarşı dron zərbəsinin endirilməsinin bütün məsuliyyəti tam şəkildə İran tərəfinin üzərinə düşür və molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoyur. Bu addım nankorluğun, riyakarlığın və siyasi məsuliyyətsizliyin açıq göstəricisidir.

Xüsusilə qeyd etmək lazımdır ki, mülki infrastruktura qarşı hücum təşkil etmək nə hərbi cəsarətdir, nə də güc nümayişidir. Əksinə, bu, acizliyin və qorxaqlığın bariz nümunəsidir. Mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf almaq isə beynəlxalq humanitar hüquqa zidd olmaqla yanaşı, dinc əhaliyə qarşı yönəlmiş açıq terror aktıdır.

Mehriban qonşuluq prinsiplərinə həmişə sadiq qalan Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı düşmənçilik siyasəti yürütməyib. Azərbaycan ərazisindən İran da daxil olmaqla heç bir ölkə üçün təhlükə olmayıb və bu gün də yoxdur. Əksinə, Azərbaycan çətin məqamlarda daim humanist və vicdanlı mövqe nümayiş etdirib. Bunun ən bariz nümunələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi və İran səfirliyini ziyarət etməsidir. Bu addım Azərbaycan dövlətinin humanist dəyərlərə və diplomatik etika normalarına nə qədər böyük önəm verdiyini göstərir.

Həmişə qonşularına dəstək olan Azərbaycan heç vaxt riyakar siyasət yürütməmiş, bu dar gündə hətta İranın üzləşdiyi çətinliklər fonunda humanitar yardım göndərilməsi məsələsi də nəzərdən keçirilirdi. Bu qədər xoş niyyətlərin fonunda İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını, məktəbliləri hədəf götürməsi nəinki anlaşılmaz, eyni zamanda qəbuledilməz və təxribatçı addımdır. Bu hərəkəti yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hücum deyil, həm də dinc əhaliyə qarşı yönəlmiş terror aktı kimi qiymətləndiririk.

Azərbaycan xalqı güclü xalqdır. Azərbaycan dövləti güclü dövlətdir. Hər kəs bilməlidir ki, Azərbaycana qarşı yönəlmiş hər bir düşmən addımına layiqli və qəti cavab veriləcəkdir.

DİGƏR Xəbərlər Arxiv