Xəbərlər
Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları başa çatdı. Bu toplantı bir daha Azərbaycanın enerji diplomatiyasının uğurlarını dünyaya təqdim etdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Bugünümüzün reallıqları ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır.
Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında bildirdi ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq. Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Qarşımıza qoyduğumuz bütün planları həyata keçirir, növbəti dövrün hədəflərini müəyyənləşdirərək onlara nail olmaq üçün səylər göstəririk. Azərbaycanın əməkdaşlığa xüsusi önəm verməsi bütün sahələrdə, xüsusilə enerji sektorunda özünü daha qabarıq şəkldə büruzə verir. Ölkəmiz bu əməkdaşlığa regional çərçivədə başladı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycanın enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir, xalqları birləşdirir. Reallaşdırılan layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi «Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır» fikirləri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında planlardan bəhs edərkən bildirdi ki, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
On iki il bundan əvvəl başlanılan təşəbbüsün uğurlu nəticələri gələcək addımlar üçün stimuldur. Dövlətimizin başçısı bir daha bildirdi ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir. Bu əminliyi də ifadə etdi ki, builki toplantı da nəticəyönümlü olacaq.
