Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir. Bizim əlaqələrimiz ən yüksək zirvədədir. Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik.
Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz.
X X X
Türkiyənin Baş naziri Əhməd DAVUDOĞLU dedi:
- Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.
Bu, çox gözəl ənənədir. Bazar ertəsi gecə etimad səsverməsindən sonra Türkiyə Respublikasının 64-cü hökuməti olaraq vəzifəmizin icrasına başladıq. Hələ İstanbula və doğulduğum Konya şəhərinə getməmişəm, amma Bakıya gəlmişəm. Çünki Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir. Ona görə mən həmişə buraya “Can Azərbaycan” deyirəm. Ona görə bu ənənəyə sadiq qalaraq heyətimizlə birlikdə ilk səfərimi Bakıya etməkdən çox böyük məmnunluq hissi keçirirəm.
Bilirsiniz, Türkiyədə yeni hökumət qurulub və bu hökumətdə təmsil olunan nazirləri Sizə təqdim edəcəyik. Çünki birlikdə işləyəcəyik. Azərbaycanın, hamımızın böyük lideri atanız möhtərəm Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu mənada bizim nazirlərimizə Sizin nazirləriniz kimi, sizinkilərə də bizimkilər kimi hər zaman baxıldığını bilirik. Əlaqələrimiz genişmiqyaslıdır. Dünyada heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil. Energetika, ticarət, nəqliyyat, mədəniyyət sahələrində çox geniş əlaqələrimiz var. Həmişə olduğu kimi, bizi böyük qonaqpərvərliklə qarşıladınız.