Xəbərlər
Əhməd Davudoğlu: TANAP Xəzər ilə Adriatik dənizi arasında dəhliz rolunu oynayan sülh layihəsidir
Trans-Anadolu qaz boru kəməri – TANAP Balkan və Qafqaz regionu ölkələrini bir araya gətirən, Xəzər dənizi ilə Adriatik dənizi arasında dəhliz rolunu oynayan böyük bir sülh layihəsidir. Bu layihə Türkiyə ilə Azərbaycanın qətiyyətli siyasi iradələri nəticəsində reallaşır.
Bu sözləri dekabrın 3-də Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlmədən öncə keçirdiyi mətbuat konfransında deyib. Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə Azərbaycan arasında ticarətin həcmi 5 milyard dolları ötüb. Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar davamlı olaraq artır, regional sülh layihələri birgə icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyə-Azərbaycan əlaqələri baxımında Asiya ilə Avropanı bir-birinə bağlayan, orta dəhliz olaraq gördüyümüz böyük bir layihənin ən əhəmiyyətli onurğa sütunudur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri də enerji kontekstində Türkiyə ilə Azərbaycanın ayrılmaz bütövlüyünü əks etdirir.
Qeyd edək ki, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.