Xəbərlər
Tarixi yaddaş, milli ədalət və qələbə
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Azərbaycan xalqının tarixində Xocalı soyqırımı qanla yazılmış ən dəhşətli səhifələrdən biridir. Bu faciə yalnız bir şəhərin, bir gecənin, bir coğrafi məkanın ağrısı deyil – bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə ağır cinayətdir. Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında etdiyi çıxış bu tarixi faciəyə verilən siyasi, mənəvi və ideoloji qiymətin parlaq ifadəsi olmaqla yanaşı, Azərbaycanın ədalət uğrunda apardığı mübarizənin məntiqi yekunu kimi də dəyərləndirilir.
Dövlət başçısının çıxışında Xocalı soyqırımının mahiyyəti, səbəbləri və nəticələri geniş şəkildə təhlil edildi. Prezident vurğuladı ki, 1992-ci ilin fevralında baş vermiş bu faciə təsadüfi hərbi əməliyyat deyil, əvvəlcədən planlaşdırılmış, məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı aktıdır. Dinc əhalinin, qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olmuşdur.
Bu çıxış bir daha göstərdi ki, Azərbaycan dövləti öz tarixini unutmur, unutturmaq niyyətində də deyil. Əksinə, bu faciəni dünya ictimaiyyətinə çatdırmaq, beynəlxalq miqyasda tanıtmaq və hüquqi-siyasi müstəvidə lazımi qiymətin verilməsinə nail olmaq istiqamətində ardıcıl siyasət yürüdür.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Ədaləti biz özümüz təmin etdik” fikri müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji sütunlarından birini təşkil edir. Bu cümlə təkcə hərbi qələbənin ifadəsi deyil, həm də uzun illər beynəlxalq təşkilatların susqunluğu, ikili standartlar və selektiv yanaşmalar fonunda haqqın yalnız öz gücünə arxalanaraq bərpa oluna biləcəyinin açıq mesajıdır.
30 ilə yaxın müddət ərzində Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq təşkilatların çağırışları kağız üzərində qaldı. Ermənistan işğal siyasətini davam etdirdi, dünya isə bu haqsızlığa göz yumdu. Belə bir şəraitdə Azərbaycan xalqı və dövləti tarixi qərar vermək məcburiyyətində qaldı.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etməklə təkcə ərazi bütövlüyünü deyil, həm də tarixi ədaləti bərpa etdi. Xocalı qurbanlarının, Qarabağda şəhid olan minlərlə qəhrəman oğulun qanı yerdə qalmadı. Məhz bu baxımdan “Ədaləti biz özümüz təmin etdik” ifadəsi milli qürur, siyasi iradə və dövlət suverenliyinin ən ali göstəricisidir.
Xocalı Soyqırımı Memorialının açılışı yalnız bir abidənin təqdimatı deyil, bu, milli yaddaşın, tarixi ədalətin və dövlət iradəsinin daşlaşmış simvoludur. Bu memorial gələcək nəsillərə Xocalı həqiqətlərini çatdırmaq, soyqırımın unudulmamasını təmin etmək, eyni zamanda milli kimlik və vətənpərvərlik ruhunu gücləndirmək baxımından mühüm ideoloji mərkəz rolunu oynayacaq.
Prezidentin çıxışında qeyd etdiyi kimi, bu memorial təkcə yas məkanı deyil, həm də qürur, mübarizə və qələbə ruhunun daşıyıcısıdır. Çünki bu gün Azərbaycan torpaqları azaddır və Xocalı qurbanlarının ruhu artıq rahatlıq tapır.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bu fikir bölgədə davam edən siyasi reallıqları və Ermənistanın hələ də destruktiv mövqedən əl çəkmədiyini açıq şəkildə ortaya qoyur. 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan rəhbərliyi hələ də revanşist ritorikadan, təxribatçı addımlardan və sülh prosesinə mane olan davranışlardan imtina etmir.
Əslində, bu, Ermənistanın uzun illər apardığı yanlış siyasətin məntiqi davamıdır. İşğal, etnik təmizləmə, terror və vandalizm yolu ilə nəyəsə nail olacağına inanan bu dövlət, tarixin dərslərindən nəticə çıxarmaq əvəzinə, yeni gərginliklər yaratmaq yolunu tutur.
Prezidentin vurğuladığı kimi, Ermənistan anlamalıdır ki, bölgədə yeni reallıqlar formalaşıb. Bu reallıqlar Azərbaycan xalqının iradəsi, ordusunun gücü və dövlətinin siyasi qətiyyəti ilə müəyyən olunub. Bu reallıqları qəbul etməyən istənilən cəhd isə Ermənistan üçün daha ağır nəticələr doğura bilər.
Bu fikrin xüsusi çəkisi ondadır ki, Azərbaycan sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Lakin sülh qarşılıqlı etimada, beynəlxalq hüququn tanınmasına və real addımlara əsaslanmalıdır. Ermənistan isə hələ də populist bəyanatlar və boş vədlərlə prosesi ləngidir.
Prezidentin çıxışı bir daha sübut etdi ki, Azərbaycanın uğurunun əsasında milli birlik dayanır. Xocalı faciəsinin xalqı daha da birləşdirdiyini, Vətən müharibəsinin isə bu birliyi dəmir iradəyə çevirdiyini vurğulayan dövlət başçısı, gələcək nəsillərə aydın mesaj verdi: güclü dövlət yalnız birlik, vətənpərvərlik və tarixi yaddaş üzərində qurula bilər.
Bu çıxış həm də ideoloji istiqamət baxımından olduqca əhəmiyyətlidir. O, gənc nəslin milli ruhda tərbiyə olunmasına, tarixi həqiqətləri dərindən dərk etməsinə və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşmasına güclü töhfə verir.
Xocalı Soyqırımı Memorialının açılışında Prezident İlham Əliyevin etdiyi çıxış müasir Azərbaycan tarixinin ideoloji manifesti kimi dəyərləndirilə bilər. Bu çıxış həm faciənin dərin ağrısını, həm də qələbənin yaratdığı qürur hissini özündə birləşdirir.
“Ədaləti biz özümüz təmin etdik” fikri Azərbaycanın gücünün və suverenliyinin təntənəsidir. “Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı” mesajı isə bölgədə davamlı sülhün yalnız real addımlar və sağlam düşüncə ilə mümkün olduğunu göstərir.
Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan xalqı öz tarixinə sahib çıxır, şəhidlərinin qanını unutmur və gələcəyə yalnız güclü dövlət, möhkəm iradə və sarsılmaz milli birliklə addımlayır.
