YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalı soyqırımı - Tarixi həqiqət” mövzusunda anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının və Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Xocalı soyqırımı - Tarixi həqiqət” mövzusunda anım tədbiri keçirilib.

Əvvəlcə rayon Şəhidlər xiyabanı ziyarət olunub, Xocalı soyqırımı qurbanlarının əziz xatirələrinə həsr olunmuş abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Daha sonra gənc rəssamların Xocalı soyqırımına və vətənpərvərlik mövzusuna həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov, Şirvan Gənclər Evi SXM-nin direktor vəzifəsini müvəqqəti icra edən Aytac Əliyeva, şəhid Fuad Bağırovun anası Fəridə Bağırova, Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin müəllimi Xədicə Bayraməliyeva çıxış edərək erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs ediblər.

Erməni işğalçı qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğının sülh və insanlıq əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı qeyd olunub, soyqırımı aktına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb. Qeyd olunub ki, 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar Ulu Öndər Heydər Əliyev xüsusi Fərman imzalayıb və onun təşəbbüsü ilə Milli Məclis tərəfindən “26 fevral - Xocalı soyqırımı günü haqqında” qərarı qəbul edilib.

Diqqətə çatdırılıb ki, amansız soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən heç zaman unudulmur, bu bəşəri cinayət barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən məqsədyönlü tədbirlər görülür.

Həmçinin bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz igidlik, şucaət və rəşadət göstərən qəhrəman Ordumuz Xocalı soyqırımı qurbanlarının da qisasını döyüş meydanlarında aldı.

Sonda 21 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.