YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımının dəhşətləri

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Bu il həmin faciədən 34 il ötür. Bu hadisə Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifələrindən biridir. Rəsmi məlumatlara görə, yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və yaşlı insanlar həyatını itirmiş, çox sayda insan yaralanmış və əsir götürülmüşdür.

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdır və hər il fevralın 26-da qurbanların xatirəsi ehtiramla anılır. İnsanlıq tarixinin ən qanlı səhifələrindən biri hesab olunan bu hadisə təkcə bir xalqın deyil, bütövlükdə bəşəriyyətin faciəsidir. Bu hadisələr müharibənin amansızlığının, insan hüquqlarının kobud şəkildə pozulmasının açıq təzahürü olmuşdur. Xocalı yalnız bir şəhərin işğalı deyil, eyni zamanda xalqın iradəsini sarsıtmağa yönəlmiş ağır zərbə idi.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl və məqsədyönlü diplomatik fəaliyyət həyata keçirilir. Bu istiqamətdə müxtəlif ölkələrin parlamentləri və regional qanunverici orqanları tərəfindən qətnamələr qəbul olunmuşdur.Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilmişdir. Həmçinin Amerika Birləşmiş Ştatları-nın 30-dan çox ştatı səviyyəsində Xocalı faciəsi ilə bağlı qərarlar və qubernator proklamasiyaları qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci İslam Zirvə Konfransının Yekun Kommünikesində üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışdır.

Ulu Öndər Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş, hadisələrə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışdır. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu qərar faciəyə dövlət səviyyəsində siyasi qiymətin verilməsinin mühüm mərhələsi olmuşdur.

Xocalı soyqırımını törətməkdə məqsəd Azərbaycan xalqını sarsıtmaq, onun suverenlik iradəsini qırmaq və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni zəiflətmək idi. XX əsrin sonunda baş vermiş bu faciə qəddarlığı və miqyası ilə xüsusi seçilir.

Artıq Xocalı faciəsinin soyqırımı kimi tanınması faktı bir sıra ölkələrin parlament qərarlarında və beynəlxalq təşkilatların sənədlərində əksini tapmışdır. İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini soyqırımı kimi tanımışdır.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi qurbanlarının qisasının alındığını bəyan etmişdir.

Xocalı soyqırımı Azərbaycan xalqının tarixində dərin iz qoymuş faciədir. Onun beynəlxalq aləmdə tanınması istiqamətində aparılan fəaliyyət tarixi ədalətin təmin olunmasına xidmət edir. Bu hadisənin dünya ictimaiyyətinə çatdırılması yalnız bir xalqın deyil, bütövlükdə insanlığın yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.