Xəbərlər
Amansızlıq, qəddarlıq və vəhşilik
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Müxtəlif dövrlərdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri amansız cinayətlər, etnik təmizləmə prosesləri və mülki əhaliyə yönəlmiş insanlığa sığmayan hərəkətlər onların uzun illər boyu regionda sülh və sabitliyi pozmağa yönəlmiş siyasətinin, düşmənçilik və nifrət ideologiyasına əsaslanan fəaliyyətinin bariz nümunəsi kimi tarixə həkk olunmuş, minlərlə günahsız insanın həyatına son qoymuş, bir milyon soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuşdur. Bu cinayətlər sırasında öz amansızlığı, qəddarlığı ilə seçilən, XX əsr Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı xalqımızın milli yaddaşında dərin iz buraxmışdır. Xüsusi strateji əhəmiyyətə malik olan, regionun mühüm nəqliyyat yollarının kəsişməsində yerləşən Xocalı şəhərinin hədəfə çevrilməsi ermənilərin qəsbkar planlarının əsas hissəsi olmaqla yanaşı, bölgədə hərbi-siyasi üstünlük əldə etmək, ətraf yaşayış məntəqələrini nəzarət altına almaq və kommunikasiya xətlərini ələ keçirməklə strateji mövqelərini möhkəmləndirmək məqsədi daşıyırdı. Şəhərin coğrafi yerləşməsi ona həm hava limanı üzərində nəzarət imkanı verir, həm də bölgənin digər mühüm məntəqələri ilə əlaqəni təmin edirdi. Bu səbəbdən Xocalının işğalı regionda qüvvələr balansının dəyişdirilməsinə, mülki əhali üzərində təzyiqin artırılmasına və genişmiqyaslı humanitar fəlakətin yaranmasına gətirib çıxaran proseslərin tərkib hissəsinə çevrilmişdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı və dağıdılması ilə yanaşı dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ağır cinayət olmaqla öz ağlasığmaz qəddarlığı, qeyri-insani rəftar halları ilə bəşər tarixinə əbədi həkk olmuşdur. Məhz həmin gecə baş verən hadisələr, xüsusi ilə qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla soydaşlarımıza qarşı törədilmiş zorakılıqlar, vəhşiliklər beynəlxalq hüququn kobud şəkildə pozulması, insan hüquqlarının tapdalanması idi. İşğal dövründə Xocalıda yaşayış evlərinin, məktəblərin, xəstəxanaların, tarixi və mədəni abidələrin dağıdılması, infrastrukturun tamamilə sıradan çıxarılaraq viran olunması nəticəsində şəhər öz sosial-iqtisadi həyatını, mədəni mühitini və tarixi simasını itirmiş, xalqımızın mədəni irsinə, tarixi yaddaşına və mənəvi dəyərlərinə ağır zərbələr vurmuşdur.
Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, bu istiqamətdə ciddi addımların atılması və davamlı olaraq tədbirlərin həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra reallaşmış, dahi rəhbərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etmişdir. Bu sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanmış, günahkarlar göstərilmiş, bununla yanaşı Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifə kimi göstərilmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət strategiyasında Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması xüsusi əhəmiyyət kəsb etmiş, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Bu mühüm missiyanın icrasında Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı layihələr reallaşdırılmış, müxtəlif ölkələrdə konfranslar, sərgilər, anım mərasimləri və məlumatlandırma kampaniyaları təşkil olunmuşdur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən start götürən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan məqsədyönlü təbliğat və maarifləndirmə fəaliyyətləri nəticəsində Xocalı soyqırımı ilə bağlı faktlar bir çox ölkələrin parlamentlərində müzakirəyə çıxarılmış, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırım tanınmışdır. Görülən işlər Azərbaycanın haqq səsinin beynəlxalq informasiya məkanında daha güclü təbliğinə, tarixi ədalətin bərpası uğrunda mübarizənin genişlənməsinə və Xocalı qurbanlarının xatirəsinin dünya miqyasında ehtiramla yad olunmasına mühüm töhfələr vermişdir.
2020-ci ilin sentyabr ayında başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, dövlətimizin siyasi qətiyyətini və ordumuzun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş şanlı qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədalət təmin edildi. Əldə olunmuş tarixi zəfər Azərbaycan dövlətinin gücünü, xalq–ordu birliyini və milli həmrəyliyini bir daha təsdiqlədi. Bu prosesin məntiqi davamı olaraq 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində, o cümlədən Xocalı şəhərində dövlət suverenliyi tam bərpa olundu. Xocalının azad olunması həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Uzun illər ədalət gözləyən Xocalı şəhidlərinin ruhu qarşısında tarixi borcun yerinə yetirilməsi məhz suverenliyin tam təmin olunması ilə mümkün oldu. Bu gün Xocalıda və ümumilikdə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın güclü iqtisadi potensialının və strateji baxışının göstəricisidir. İnfrastruktur layihələri, yaşayış komplekslərinin tikintisi, sosial obyektlərin yaradılması və “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qaytarılması regionda yeni həyatın başlanğıcını simvolizə edir. İşğal illərində dağıdılmış torpaqlarımızın yenidən qurulması və dirçəldilməsi infrastrukturun bərpası ilə yanaşı milli yaddaşın qorunması, tarixi ədalətin bərqərar olunması və xalqımızın qürurunun və iradəsinin parlaq ifadəsidir.
