YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Xocalıdayıq

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi  Şəhər yerlə-yeksan edildi.  İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərirlər.  “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. “Xocalıya ədalət” ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. Bu  kampaniyanın strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi; müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bütün şəhidlərimizin, Xocalı qurbanlarının qisasını aldı. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya növbəti təqdimatı oldu. Bu gün Şuşamız, Xankəndimiz, Xocalımız, 30 il işğal altında qalan bütün torpaqlarımız azaddır, Azərbaycan Bayrağı bu ərazilərimizdə qürurla dalğalanır. Qarabağımız, Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Xocalı şəhəri sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır. Şəhərlə yanaşı, kəndlər də mərhələ-mərhələ sakinlərini qarşılayır. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülüb. Prezident İlham Əliyev 2024-cü ilin 28 may tarixində  Xocalı şəhərinə köçən sakinlərlə görüşündə “Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır” söyləyərək onu da əlavə etmişdir ki,  o qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız. Kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə yaşayıb: “Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi”.

DİGƏR Xəbərlər Arxiv