YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri  

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən bizləri 34 illik zaman ayırır. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə görünür, düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Xocalı soyqırımı ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmalı, insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq səviyyədə  öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu soyqırımı bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarla eyni sırada dayanır. Bir gecədə  613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın  vəhşicəsinə öldürüldü, 1275 Xocalı sakini ermənilər tərəfindən əsir götürüldü, təhqirlərə, əzab-əziyyətlərə məruz qaldı. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev verdi. Hazırda bu siyasət  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı əsasında yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında olduğunu təsdiqləyir. Faciələrimizi unutmamalı, daim indiki və gələcək nəsillərə çatdırmalıyıq. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər  görülüb və görülməkdə davam edir.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. 

Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlətindən biri  kimi müəyyənləşdirilib. “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20 tarixlərində  Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı.

2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi oldu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.

Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam edir.  2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülmüşdür. Onu da qeyd edək ki, Xocalı şəhəri 2024-cü ilin 28 may tarixində ilk sakinlərinə qovuşub. Sakinlərlə görüşündə “Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar.