Xəbərlər
Sabitlik, tərəfdaşlıq və inkişaf - Azərbaycan diplomatiyasının strateji missiyası
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycan ilə Serbiya arasındakı münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmayıb. Zamanla bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq modeli kimi formalaşmışdır. 1997-ci ildən diplomatik əlaqələrin başlanması ilə iki dövlət qarşılıqlı etimad və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlər sistemi qurmuşdur. Tarixi əhəmiyyət daşıyan addımlardan biri 8 iyun 2011-ci il tarixində Azərbaycanın Serbiyada səfirliyinin açılması, eyni ilin fevral ayında isə Serbiyanın Azərbaycanda səfirliyinin təsis olunmasıdır.
Azərbaycan və Serbiya strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bu münasibətlər 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 2018-ci ildə “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” və 2022-ci ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum ilə möhkəmləndirilmişdir. Bundan əlavə, 2010–2023-cü illər ərzində iki ölkə arasında 57 sənəd imzalanmış, əməkdaşlığın hüquqi və institusional bazası gücləndirilmişdir. Bu sənədlər və strateji mexanizmlər nəticəsində iki ölkə arasında siyasi etimad və qarşılıqlı dəstəyə əsaslanan iqtisadi əməkdaşlıq inkişaf etmiş, ikitərəfli ticarət dövriyyəsi artmışdır.
İqtisadi əməkdaşlıq son illərdə daha sistemli və praktik istiqamət almışdır. İkitərəfli əlaqələrdə 2019-cu ildə təxminən 8,5 milyon ABŞ dolları olan ticarət dövriyyəsi 2023-cü ildə 11,3 milyon ABŞ dollarına yüksəlmişdir. Energetika sahəsində əməkdaşlıq Avropa enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. 2024-cü ilin yanvarından etibarən Azərbaycan Serbiyaya təbii qaz tədarükünə başlamış, bu müddətdə təxminən 300 milyon kubmetr qaz ixrac olunmuşdur. Dövlət Neft Fondu Serbiyada 72,7 milyon ABŞ dolları həcmində investisiya portfelinə malikdir və 500 meqavat gücündə kombinə olunmuş qaz türbin elektrik stansiyasının inşası üzrə birgə layihə əməkdaşlığı yeni səviyyəyə çıxarır. İşgüzar forumlar, sahibkarlararası görüşlər və qarşılıqlı sərmayə təşəbbüsləri iqtisadi əlaqələrin davamlılığını təmin edir və əməkdaşlığın praktik nəticələrini daha da artırır.
Dövlət başçılarının qarşılıqlı səfərləri isə bu münasibətlərin strateji səviyyədə inkişafını təsdiqləyir. Prezident İlham Əliyevin indiyədək Serbiyaya üç rəsmi səfəri olmuş, sonuncusu 15–16 fevral 2026 tarixində baş tutmuşdur. Serbiya Prezidenti Aleksandar Vuçiç isə Azərbaycana indiyədək beş səfər etmişdir. Bu səfərlər əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə möhkəmləndirilməsinə ciddi töhfə vermişdir və həmçinin qarşılıqlı layihələrin sürətlə həyata keçirilməsini təmin etmişdir.
15–16 fevral 2026-ci il səfəri Azərbaycan–Serbiya münasibətlərində yeni strateji mərhələnin əsaslalarını formalaşdırdı. Səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirildi və tərəflər enerji, iqtisadiyyat, kənd təsərrüfatı, humanitar, mədəniyyət, media, idman və tibbi sığorta sahələrində əməkdaşlıq üzrə müqavilələr imzaladılar. Bu sənədlər qarşılıqlı fəaliyyətin praktik əsaslarını möhkəmləndirməyə, qarşılıqlı sərmayə və real layihələrin həyata keçirilməsini sürətləndirməyə hesablanmışdır.
Səfər zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, Azərbaycan və Serbiya “iki dost ölkədir və daim bir birinin yanındadır”. Dövlətimizin başçısı İlham Əliyev əlaqələrin siyasi, iqtisadi və energetika sahələrində gücləndirilməsinin, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin və birgə sərmayə layihələrinin həyata keçirilməsinin prioritet olduğunu qeyd edib. O, Serbiya ilə birgə elektrik stansiyalarının tikintisini və təbii qaz ixracını genişləndirmə planlarını diqqətə çatdırdı və əlavə etdi ki, əlaqələr yalnız diplomatik sözlərlə məhdudlaşmamalıdır, real layihələr və iqtisadi əməkdaşlıqla dəstəklənməlidir.
Serbiya Prezidenti Aleksandar Vuçiç isə səfərin iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ olduğunu, əməkdaşlığın həyatın hər bir sahəsində genişləndiyini vurğuladı. O, imzalanmış müqavilələrin sosial həyatın bütün sahələrində münasibətləri gücləndirəcəyini, turizmin və birbaşa hava reyslərinin artacağını, xalqlar arasında dostluğun genişlənəcəyini qeyd etdi və Azərbaycanın EXPO 2027-də iştirakını yüksək qiymətləndirdi.
Əminliklə demək olar ki, Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və əməkdaşlıq bütün sahələrdə genişlənməyə hazırdır. Diplomatik əlaqələrdən başlayaraq iqtisadi, enerji, humanitar və mədəni sahələrə qədər uzanan çoxşaxəli əməkdaşlıq modeli real layihələr və müqavilələrlə möhkəmlənmişdir. Sonuncu səfər isə bu əməkdaşlığın yeni mərhələyə keçdiyini, qarşılıqlı investisiyaların, enerji layihələrinin və mədəni əlaqələrin gələcək perspektivlər üçün strateji əhəmiyyətini ortaya qoydu. Dövlət başçılarının rəsmi bəyanatları göstərir ki, Azərbaycan və Serbiya arasında münasibətlər yalnız siyasi dialoq deyil, praktiki və davamlı əməkdaşlıq üzərində qurulub, bu da regionda sülh, təhlükəsizlik və iqtisadi inkişaf üçün mühüm rol oynayır.
