Xəbərlər
Azərbaycanın davamlı inkişafının yeni mərhələsi...
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, YAP Lənkəran rayon təşkilatının əməkdaşı Yalçın Əliyev, həmçinin Mərkəzin əməkdaşları Ceyhun Bağırov, Azad Axundov və Aqil Muxtarov bildiriblər ki, İlham Əliyevin Prezidentliyi dövrü müasir Azərbaycan tarixinin ən şərəfli və qürurverici mərhələsidir.
Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində şanlı Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib, xalqımızın otuz illik həsrətinə son qoyub. Bu möhtəşəm Zəfər Azərbaycanın gücünü, xalq-ordu-iqtidar birliyini və dövlət başçısının qətiyyətli siyasi iradəsini bütün dünyaya nümayiş etdirib.
Natiqlər vurğulayıblar ki, Vətən müharibəsində qazanılan Qələbə təkcə hərbi nailiyyət deyil, eyni zamanda milli qürurun, həmrəyliyin və sarsılmaz vətənpərvərliyin təntənəsidir. Şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin şücaəti isə hər bir azərbaycanlı üçün örnək sayılır.
Eyni zamanda bildirilib ki, müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması Prezident İlham Əliyevin strateji baxışının və güclü dövlət modelinin bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın davamlı inkişafının yeni mərhələsini təşkil edir.
Çıxış edənlər bildiriblər ki, Prezidentin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda mühüm uğurlar əldə olunub, regionların inkişafı sürətlənib. Xüsusilə Lənkəran rayonunda kənd təsərrüfatının inkişafı, infrastrukturun yenilənməsi və sosial layihələrin icrası dövlət qayğısının bariz göstəricisi kimi dəyərləndirilib.
