Xəbərlər
“ABŞ-Azərbaycan münasibətləri ən yüksək mərhələdədir!”
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “ABŞ-Azərbaycan münasibətləri ən yüksək mərhələdədir!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, büstü önünə tər güllər düzülüb.
Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Ceyhunə Hüseynova, Mübariz Süleymanov, Türkan Allahverdiyeva, şəhid atası Elxan Abdullayev, gənc partiya üzvü Tükəzban Vəliyeva çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ildən-ilə daha da artır. Müstəqil və suveren Azərbaycan bu gün qlobal proseslərdə, eləcə də yeni dünya nizamının formalaşmasında söz sahibi kimi çıxış edir.
Qeyd olunub ki, hazırda Cənubi Qafqazın lider ölkəsi kimi tanınan Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın bir çox ölkələrinin rəğbətini qazanıb, mühüm və genişmiqyaslı qlobal enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Bütün bunların nəticəsi olaraq ölkəmizlə əməkdaşlıq etmək, yüksək səviyyəli münasibətlər qurmaq istəyən dövlətlərin sayı gündən-günə artır.
Bildirilib ki, Donald Tramp administrasiyası dövründə yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətləri də Cey Di Vensin ölkəmizə səfəri ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Altı ay əvvəl Vaşinqton şəhərində Prezident Trampın iştirakı ilə başlanan bu proses Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə daha da möhkəmləndirilib.
