Xəbərlər
Milli strateji prioritetlər
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə rəqəmsal inkişafın ölkənin gələcək tərəqqisi üçün əsas prioritetlərdən biri olduğu vurğulandı və bildirildi ki, müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bizim neft-qaz bağlantıları sahəsində böyük təcrübəmiz var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə də çevrilməlidir. Cənab İlham Əliyev müşavirədə qeyd etdi ki, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da böyük enerji güclərini tələb edir: “Fiber-optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi, enerji infrastrukturunun yanında bu kabellər də çəkilib. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik”.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində olması və formalaşmış geniş infrastruktur imkanları rəqəmsal bağlantılar üçün böyük potensial yaradır. Artıq Xəzər dənizinin Şərq sahilləri ilə fiber-optik kabel layihəsi icra olunur və bu, Azərbaycanın Şərq istiqamətində rəqəmsal əlaqələrini daha da gücləndirəcək. Cənab İlham Əliyev transmilli şirkətlərlə iş təcrübəmizi əsas üstünlüklərimizdən biri kimi qiymətləndirdi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub. Bunu həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. Burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Digər üstünlüyümüz ondan ibarətdir ki, son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları - istər qaz, istər hidro, istər Günəş, külək bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Cənab İlham Əliyev qlobal maliyyə fondları və aparıcı şirkətlərlə mövcud əlaqələrin də böyük üstünlük olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür.
Prezident İlham Əliyev, həmçinin dövlət xidmətlərinin vahid “mygov” platforması üzərindən həyata keçirilməsinin vacibliyini bildirdi. Müxtəlif qurumlar tərəfindən yaradılmış platformalar tədricən vahid mərkəzdə birləşdirilməli, vətəndaşlara bütün xidmətlər bir ünvandan təqdim olunmalıdır.
Göründüyü kimi, atılan bu kimi addımların əsasında ölkəmizin dayanıqlı inkişafının davamlılığının təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması dayanır.
