YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal çağırışlara adekvat cavab

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə mühüm çağırışlarla diqqətdədir. Dövlətimizin başçısı bu reallığı əsaslı şəkildə qeyd etdi ki, müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar artıq dövlətlərin gələcək inkişafını müəyyən edən əsas amillərdir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Cənab İlham Əliyev çıxışında Azərbaycanın mühüm üstünlüklərindən geniş bəhs etdi. Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Üstünlüklərimizdən biri də coğrafi vəziyyətimizdir. Cənab İlham Əliyev vurğuladı ki, bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında. Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür. 

Qarşıda dayanan əsas hədəf bu üstünlükləri vahid fəaliyyət planında birləşdirmək, süni intellekt, data mərkəzləri və rəqəmsal idarəetmə sahəsində yeni mərhələyə daxil olmaqdır. Cənab İlham Əliyev müşavirədə buna nail olmağın yollarını açıqladı, qarşıda dayanan vəzifələri diqqətə çatdırdı. Birinci növbədə, dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir. Cənab İlham Əliyev vurğuladı ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Dövlət xidmətləri “mygov” üzərindən, yəni vahid mərkəzdən həyata keçirilməlidir.  Dövlətimizin başçısı bu çağırışı etdi: “Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.

Hədəflər sırasına kadr hazırlığı da daxildir. Təbii ki, hər bir çağırış həmin dövrün tələblərinə uyğun kadrların yetişdirilməsini bir tələbə çevirir. Cənab İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət yönəldərək bildirdi ki, biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.

Qısa təhlil əsasında belə bir qənaəti qeyd edə bilərik ki, Azərbaycanın yeni rəqəmsal arxitekturası gələcəkdə ölkəmizin dayanıqlı inkişafının aydın mənzərəsini təqdim edən modeldir.