YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə aparan strateji yol

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” konsepsiyası ölkəmizin müasir inkişaf mərhələsində strateji əhəmiyyət daşıyan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma yalnız texnoloji yeniliklərin tətbiqi deyil, həm də dövlət idarəçiliyində yeni düşüncə tərzinin formalaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi deməkdir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın olur ki, süni intellektin tətbiqi, vahid rəqəmsal platformaların qurulması və data əsaslı idarəetmə modeli Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunları olacaqdır. Bu yanaşma ölkəmizin qlobal texnoloji çağırışlara uyğun şəkildə irəlilədiyini və rəqəmsal dövlət modelinə keçidin sürətləndiyini göstərir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təqdim etdiyi istiqamətlər də bu strategiyanın praktiki icrasını aydın şəkildə ortaya qoyur. Nazir tərəfindən qeyd olunan rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi, innovasiya ekosisteminin gücləndirilməsi və kibertəhlükəsizlik məsələləri hesab edirik ki, yaxın illərdə ölkəmizin texnoloji mühitini daha da gücləndirəcək. Xüsusilə “mygov Business” kimi təşəbbüslər sahibkarların dövlət xidmətlərinə daha rahat çıxışını təmin etməklə biznes mühitinə yeni dinamika qazandıracaq.

ABŞ nümayəndə heyəti ilə keçirilən görüşlər və aparılan müzakirələr isə Azərbaycanın beynəlxalq texnoloji əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Süni intellekt sahəsində birgə layihələrin həyata keçirilməsi, innovativ texnologiyaların ölkəmizə transferi və startap mühitinin inkişafı istiqamətində əldə olunan razılaşmalar Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi üçün real imkanlar yaradır. Bu görüşlər bir daha göstərir ki, ölkəmiz qlobal texnologiya ekosisteminə inteqrasiya istiqamətində məqsədyönlü addımlar atır.

Bizim baxışımıza görə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yalnız texnoloji layihə deyil, həm də gələcək iqtisadi modelin formalaşdırılması deməkdir. Süni intellekt əsaslı idarəetmə sistemləri, rəqəmsal xidmətlərin genişləndirilməsi və innovasiyaların təşviqi dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcını qoyacaqdır. Bu istiqamətdə atılan addımlar gənclərin texnologiya sahəsinə marağını artıracaq, yeni iş yerlərinin yaranmasına şərait yaradacaq və ölkəmizin beynəlxalq rəqabət qabiliyyətini yüksəldəcək.

Əminliklə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası Azərbaycanın gələcək inkişaf xəritəsini müəyyən edən mühüm konsepsiyadır. Dövlətimizin texnoloji tərəqqiyə açıq olması, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və innovasiya yönümlü siyasətin davamlı şəkildə həyata keçirilməsi ölkəmizin rəqəmsal gələcəyini daha da möhkəmləndirəcək.