YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial həyatın bütün sferalarında gənclər çoxluq təşkil edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ölkəmizdə gənclərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Gənclərin bu günü və gələcəyi ilə bağlı  Dövlət proqramlarının qəbulu və uğurlu icrası, ən əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə  Azərbaycanda Gənclər Gününün təsis olunması, cənab İlham Əliyevin Sərəmcamları əsasında 2007-ci ilin ölkəmizdə “Gənclər İli”,  2020-ci ilin isə   “Könüllülər ili” elan edilməsi gənc nəslə göstərilən diqqətin,  qayğının bariz nümunələridir. Ölkəmiz Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli, dünyanı heyrətləndirən uğurlara imza atır. Azərbaycan daim beynəlxalq aləmdə təkmilləşməyə, yeniişməyə açıq ölkə kimi diqqətdədir. Gənclərimiz bu uğurlardan böyük qürur hissi keçirirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, hazırda ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır və onlar irəli çəkilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edirlər. Son illərdə perspektivli gənclərin dövlət idarəçiliyində mühüm vəzifələrə təyin olunmalarının da kifayət qədər nümunələrini görmək mümkündür. Gənclər gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Prezident İlham Əliyev bildirir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram.” Bu fikirlər özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev gənclərə inanır, arxalanır, eyni zamanda, onların daha da inkişafı, öz potensial imkanlarını ortaya qoymaları  üçün şərait yaradır.

Gənclər özünəinamı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha təsdiqlədilər. Azərbaycan gənci “Torpaqdan pay olmaz” deyib Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrini yüksək dəyərləndirən rəşadətli ordumuzun sıralarında mətanətlə vuruşaraq tariximizin Zəfər səhifəsini yazdılar. Onların hər birinin qəhrəmanlığı, şücaəti dastana çevrilib. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.  Bu gün hər bir Azərbaycan gənci bu məktəbdən öyrənir, qalib Azərbaycanın gələcəyi üçün  üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini bildirir.  Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə də çox fəal oldular. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrini verdilər. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları hər bir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycan gəncinin qarşısında yeni imkanlar açır. Gənclərimiz müasir düşüncələrindən, ideyalarından bəhrələnərək yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməyə çalışırlar. Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər” fikirlərin reallıqda  təsdiqidir.

Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.

Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir davamlılığı ilə diqqətdədir.