Xəbərlər
Gənclər siyasəti yeni mərhələdə
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev gənclərimizlə bağlı bu əminliyi ifadə etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.
Gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ümummilli Lider bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Ulu Öndər tərəfindən 1997-ci ildə imzalanan Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir. Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra 1998-ci ilin avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər Heydər Əliyev gənc nəslə qayğısını heç zaman əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Belə ki, müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərə diqqət və qayğının davamlılığında da özünün aydın ifadəsini tapır. Gənclərin cəmiyyətdə yeri və rolunun artması, potensial imkanlarından səmərəli istifadə, həmçinin onların xarici ölkələrdə təhsi almalarına göstərilən diqqət bir-birindən mühüm sənədlərin imzalanmasını, Dövlət Proqramlarının qəbulunu şərtləndirir.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun, gənclər üçün Prezident Mükafatının təsis edilməsi onlara diqqət və qayğının əsas tərkib hissələridir. Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir. Bu inam gənclərimizə elmin sirlərini daha dərindən öyrənməyə, təhsilə çağırış edir. Dövlət başçısı İlham Əliyev bildirir: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar”.
Son illərdə təhsilin inkişafı istiqamətində atılan addımlara diqqət yetirsək bu çağırışın konkret addımlarda öz əksini tapdığını görərik. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradır.
Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondunun töhfələri də davamlılığı ilə diqqət çəkir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid Proqram və layihələr hazırlayıb həyata keçirir. Bu layihələr gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına hədəflənir.
Gənclərimizin tariximizin, mədəniyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi layihələrlə hər zaman diqqətdə olan Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri Ulu Öndərimizin zəngin irsinin, dövlət, Vətən, xalq qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama əsasən Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin yaradılması, fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.
Gənclərimiz onlara yaradılan bu imkanlardan maksimum istifadə etməyə çalışırlar. Belə qüdrətli, zəngin, qalib Azərbaycanın vətəndaşı olmaq hər bir azərbaycanlı üçün qürurvericidir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.
