Xəbərlər
Davos 2026: qlobal dialoq platforması və Azərbaycanın strateji rolu
Vahid Novruzov
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
YAP Veteranlar Şurasının üzvü
Müasir şəraitdə qlobal miqyasda baş verən hadisələr, davam edən müharibələr beynəlxalq normaların yarıtmazlığı və güclər balansının təlatümü əməkdaşlığın yeni əsaslarının yaradılması üçün zəmin ola biləcək ideyaların və buna müvafiq platformanın formalaşması məqsədi ilə dünyanın taleyinə birbaşa təsir edən strateji problemlərin həllinə yönəlik müzakirələrin keçirilməsinin aktuallığını daha da gücləndirməkdədir.
Biz hazırda mövcud beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsini müşahidə edirik.
Geosiyasətin iqtisadiyyatı üstələdiyi indiki durumda belə bir arena rolunu oynayan 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu günlərdə öz işinə başlamışdır. Bu ilki Forumun əsas mövzusunu “Dialoq ruhu” kimi adlandırılması da təsadüfi deyildir. Dünya iqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Borge Brendenin qeyd etdiyi kimi “Qeyri-müəyyənlik dövründə dialoq lüks deyil, bu təcili bir zərurətdir”.
Diqqət çəkən belə bir məqamı da xatırlatmaq istərdim ki, öz tarixi fəaliyyəti dövründə bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda keçirilmiş və bizim üçün böyük qürur hissi doğuran hal ondan ibarətdir ki, bu dünyəvi forum ABŞ-dan başqa yalnız Azərbaycanda - Bakı şəhərində keçirilmişdir. 2013-cü ildə «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq» mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu dünyəvi qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi qiymətləndirilməlidir.
Əvvəlki forumlarda olduğu kimi “Davos 2026”da da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, müsahibələri və görüşləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycanda uğurla həyata keçirilən islahatlar Forumda iştirak edən ölkə rəhbərləri ən mötəbər maliyyə qurumları, dünyada məşhur olan şirkət rəhbərləri və informasiya təmsilçiləri tərəfindən yüksək dəyərləndirilmişdir.
Bu baxımdan Serbiya Respublikası Prezidenti cənab Aleksandr Vuchichin söylədiyi fikir də qürur hissi doğurmaya bilməz. O deyib: “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.
Dünyada hazırki şokların təsirinin necə yumşaldılması barədə Prezident İlham Əliyevin cavabı da iştirakçıların böyük marağına səbəb olmuşdur.
Vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür.
Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik.
Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur.
Daha sonra cənab İlham Əliyev ölkəmizə böyük imic qazandıran, səmimi olduğu qədər də kəsərli, şəffaf olduğu qədər də şərəfli və xeyirxah dövlət siyasətimizi bu cür səciyyələndirir: “Şübhəsiz ki, biz islahatlar yolunu davam etdirəcəyik. İnvestisiya prioritetlərinə gəlincə, uzun illər ərzində bizim üçün bir nömrəli prioritet enerji sektoru olub, çünki mövcud resurslarımız iqtisadi göstəriciləri yüksəltməyə və əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib. Bu gün enerji layihələrinin böyük hissəsi tamamlanıb. Bəli, biz bu fəaliyyəti davam etdiririk və beynəlxalq bazarlara daha çox məhsul təklif edə biləcəyik. Lakin hazırda əsas prioritet qeyri-enerji, yəni qeyri-neft-qaz sektorudur. İqtisadiyyatın diversifikasiyası (şaxələndirilməsi) ölkəmiz üçün əsas prioritetdir. Praktiki baxımdan biz bu gün bərpa olunan enerji mənbələrinə artan marağın şahidi oluruq. Biz elektrik ötürücü xətlərinin tikintisinə investisiyalar gözləyirik, çünki məqsədimiz yaşıl enerjini ixrac etməkdir. Bundan əlavə, hesab edirik ki, Azərbaycan data-mərkəzlər (məlumat mərkəzləri) sahəsində investisiyalar üçün əsas istiqamətlərdən birinə çevrilə bilər. Beləliklə, bunlar beynəlxalq əməkdaşlıqda maraqlı olduğumuz iki əsas sahədir. Üçüncü istiqamət isə faydalı qazıntıların hasilatıdır.”
Fikrimizcə, Azərbaycan Prezidentinin söylədiyi konseptual xarakter kəsb edən mülahizələri dünyanın müasir çağırışlarından biri kimi yüksək dəyərə malikdir: “Beynəlxalq təşkilatlara tam arxaqlanmaq olmaz və ölkələr öz maraqlarının qorunması üçün məsuliyyəti öz üzərlərinə götürməlidirlər”
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə inkişaf etmiş ölkələrlə bərabərhüquqlu və qarşılıqlı əlverişli əməkdaşlığa dair bir çox layihələr baş tutmuşdur və bu sahədə yeni-yeni addımlar atılmaqdadır. Bu ilki forumda İlham Əliyevin AYİB prezidenti ilə görüşü zamanı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və bankın ölkəmizdə bir sıra uğurlu layihələr həyata keçirdiyi qeyd edilib.
Bu kontekstdə bankın Gəncə və Şəki də daxil olmaqla, bir neçə regionda su sektorunda həyata keçirdiyi layihələr vurğulanıb. Həmçinin, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə 2026-2035-ci illəri əhatə edən “Dövlət Proqramı” çərçivəsində qəbul edilmiş layihələrin maliyyələşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Cənab İlham Əliyevin “Davos 2026” Forumu iştirakçılarının böyük marağına səbəb olmuş çıxışlarında tamamilə haqlı olaraq Azərbaycanı strateji nəqliyyat qovşağı və enerji sektorunda əsas iştirakçı kimi dəyərləndirilməklə bərabər çox mühüm və aktual fikirlər ehtiva olunmuşdur. Məsələn, ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafında xarici və yerli investisiyaların cəlb olunması ilə bərabər bu uğurun qazanılmasında əməkdaşlığın da önəmli rol oynaması vurğulanmışdır.
Prezident İlham Əliyevin məqaləsində Ümümdünya İqtisadi Forumu iştirakçılarının diqqətinə çatdırılan digər mühüm cəhət regionumuzda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi strategiyasıdır.
Bu gün Cənubi Qafqaz, həmçinin, yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur.
Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Bu fikir Forumda keçirilən müzakirələrdə iştirakçılar, o cümlədən, Ermənistan Prezidenti tərəfindən rəğbətlə dəyərləndirilmişdir.
Eyni fikri Prezident İlham Əliyevin beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğu məqam üçün gələcəyə hədəflənmiş strategiyasına da aid etmək olar. “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin yanaşması təkcə fiziki və ya hərbi gücü özündə ehtiva etmir və daha müdrik fikirlərə əsaslanır. Gücün ən böyük dayağının ədalət olduğunu vurğulayan Prezidentimizin güc məfhumunda dahilərin aşağıda göstərilən fikirləri özünü açıq aydın biruzə verir:
Güc yalnız üstünlük qazanmaq üçün deyil, ədaləti qorumaq üçün lazımdır. Mənəvi dəyərlərlə müşayiət olunmayan güc dağıdıcı ola bilər.
Həqiqi güc — özünü idarə etmək, emosiyalara hakim olmaq, başqalarının haqqına hörmət etmək bacarığıdır. Bu vəhdət olduqda güc cəmiyyətə fayda verir.
Güc sahibi olanın ən böyük dayağı ədalət olmalıdır.
“Problemləri onları yaradan düşüncə səviyyəsində həll etmək mümkün deyil.”
Çətinliklər qarşısında dayanmaq, məqsəddən dönməmək — uğurun əsas şərtidir. Daxili güc insanı müvəqqəti məğlubiyyətlərdən qoruyur.
- Sonda aparıcının “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir?” sualına cənab İlham Əliyevin verdiyi tutarlı cavabı göstərmək yerinə düşərdi.
- “Bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda bizi heç vaxt etmədiyimizdə, o cümlədən, Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”.
Bu məqamda yenə dahi Çörçilin belə bir fikrini xatırlamaya bilmərəm ki, “Əgər hər hürən itə siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”.
Sonda ümumi fikir ondan ibarət olmalıdır ki, möhtərəm Prezidentimizin Davos Dünya İqtisadi Forumundakı növbəti dəfə iştirakı oradakı çoxməzmunlu çıxışları, müsahibələri və ölkəmizin maraqlarına xidmət edən işgüzar görüşləri həm dövlətimiz, həm də xarici tərəfdaşlarımız üçün böyük əhəmiyyət kəsb edən tarixi-siyasi hadisədir.
