Xəbərlər
Səlim Müslümov: Müharibə əlilləri və şəhid ailələri üçün 2 bina tikilir
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
S.Müslümov Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına minik avtomobili ilə təminatında ciddi irəliləyiş əldə olunduğunu vurğulayıb: “Keçən il və cari ildə həmin şəxslərə 1933 ədəd minik avtomobili verilib və 2014-cü ilə qədər növbəyə dayananlar avtomobillə tam təmin edilməklə, 2014-cü il ərzində növbəyə dayanan 845 nəfər imtiyazlı şəxsdən artıq yarıdan çoxu, yəni 467 nəfəri və ya 55,3 faizi minik avtomobili alıb”.
Mənzil növbəsinə dayanmaq üçün müraciət edən şəxslərə bununla əlaqədar izahatlar verilib, onların aidiyyəti rayon İcra Hakimiyyətləri tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındıqları qeyd olunub. Nazir dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin ölkənin bütün bölgələrində uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Hazırda sakinlərini qəbul etdiyimiz Beyləqan rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 6 ədəd, Kürdəmir rayonunda 8 ədəd, Ucar rayonunda 6 ədəd, İmişli rayonunda 6 ədəd, Füzuli rayonunda 7 ədəd fərdi yaşayış evi, eyni zamanda Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur. Zərdab rayonunda isə bu ayın əvvəllərində 4 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq həmin təbəqələrdən olanların istifadəsinə verilib”.